Payızın ən çox istifadə olunan meyvələrindən biri olan gavalı həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilən qida məhsullarındandır.
Demokrat.az xəbər verir ki, bu barədə Digi.ro yazıb.
Mütəxəssislərin sözlərinə görə, gavalı lif, antioksidantlar, vitamin və minerallarla zəngindir. Həm təzə, həm də qurudulmuş formada istifadə olunan bu meyvənin xüsusilə bağırsaqların normal fəaliyyətini dəstəklədiyi bildirilir.
Endokrinoloq Andra Neakunun sözlərinə görə, 100 qram gavalının tərkibində təxminən 1,4-1,5 qram qida lifi var. Lif toxluq hissinin qorunmasına və həzm sisteminin normal fəaliyyətinə kömək edir. Bundan əlavə, bağırsaqdakı faydalı bakteriyalar üçün qida mənbəyi rolunu oynayaraq mikrobiotanın balansının qorunmasına dəstək verir.
Gavalının tərkibində sorbitol da var. Bu maddə bağırsaq keçidini sürətləndirə və qəbizlik problemi yaşayan insanlar üçün faydalı ola bilər. Bu səbəbdən gavalı həm təzə, həm də qurudulmuş formada həzmi dəstəkləyən qidalar sırasında göstərilir.
Meyvə, həmçinin polifenol və antosianinlər kimi antioksidantlarla zəngindir. Bu maddələrin hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək etdiyi qeyd olunur. Gavalı C və K vitaminləri, eləcə də kalium mənbəyidir. 100 qram gavalının enerji dəyəri isə təxminən 50 kilokaloridir.
Gündə nə qədər gavalı yemək olar?
Həkimlərin tövsiyəsinə görə, qəlyanaltı üçün 150-200 qram təzə gavalı kifayət qədər uyğun porsiya hesab olunur. Meyvəni yeməklər arasında, səhər yeməyinə əlavə etməklə və ya əsas yeməkdən sonra desert kimi qəbul etmək mümkündür.
Mütəxəssislər gavalını qabığı ilə, yaxşı yuduqdan sonra yeməyi də məsləhət görürlər. Bu zaman daha çox lif və antioksidant qəbul etmək mümkündür.
Qanda qlükoza səviyyəsinə nəzarət edən insanlar isə porsiyanın ölçüsünə xüsusi diqqət yetirməlidirlər. Gavalını şirə şəklində deyil, bütöv meyvə kimi yemək lifin daha yaxşı qəbuluna və şəkərlərin daha yavaş mənimsənilməsinə kömək edə bilər.
Qurudulmuş gavalıda isə suyun azalması nəticəsində təbii şəkər və kalorilər daha yüksək konsentrasiyada olur. Buna görə də onun daha kiçik porsiyada – təxminən 20 qram qəbul edilməsi tövsiyə olunur.
Jalə

