Özəl

Tətil mövsümü başa çatdı, amma biletlər ucuzlaşmadı — Səbəb

Tətil mövsümü başa çatdı, amma biletlər ucuzlaşmadı — Səbəb

Tətil mövsümünün başa çatması ilə sərnişin axınının azalacağı və bunun bilet qiymətlərinə təsir edəcəyi gözlənilsə də, hazırda nə təyyarə, nə də qatar biletlərində ciddi ucuzlaşma müşahidə olunur. Əksinə, bəzi istiqamətlər üzrə qiymətlər əvvəlki səviyyədə qalır.

Maraqlıdır, bunun əsas səbəbləri nələrdir?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, tətil mövsümünün başa çatmasına baxmayaraq, təyyarə və qatar biletlərinin qiymətlərində ciddi ucuzlaşmanın müşahidə olunmamasının əsas səbəblərindən biri tələbin hələ də yüksək olaraq qalmasıdır.

Onun sözlərinə görə, sentyabr və oktyabr aylarında tələbələrin təhsil məqsədilə səfərləri, işgüzar və biznes səfərləri nəqliyyata olan tələbatı artırır:

Tətil mövsümü başa çatdı, amma biletlər ucuzlaşmadı — Səbəb

"Eyni zamanda, bu dövrdə müxtəlif beynəlxalq sərgilərin, forumların və tədbirlərin keçirilməsi də həm ölkədaxili, həm də beynəlxalq hərəkətliliyə təsir göstərir. Azərbaycanda beynəlxalq yarışların və digər böyük tədbirlərin keçirilməsi də müəyyən istiqamətlər üzrə sərnişin axınının artmasına səbəb olur. Digər tərəfdən, aviabiletlərin qiyməti yalnız mövsümi tələbatla deyil, aviaşirkətlərin tarif siyasəti, yanacaq və əməliyyat xərcləri, marşrut üzrə yerlərin sayı və doluluq səviyyəsi ilə də formalaşır".

Mütəxəssis əlavə edib ki, qatar biletlərində də analoji olaraq müəyyən istiqamətlər üzrə tələbin yüksək qalması qiymətlərin aşağı düşməsini məhdudlaşdıra bilər:

"Buna görə də yay mövsümünün başa çatması avtomatik olaraq nəqliyyat biletlərinin ucuzlaşacağı anlamına gəlmir. Qiymətlərdə real eniş daha çox tələbin zəiflədiyi və daşıyıcıların daha çox boş yerlə üzləşdiyi dövrlərdə müşahidə olunur".

FH
Fidan Hacızadə
Müxbir