Hadisə

Arvadını yumruqlayan kişiyə 6 aylıq cəza verildi

Arvadını yumruqlayan kişiyə 6 aylıq cəza verildi

Bakının Xəzər rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Cəlil həyat yoldaşı Şəhla (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı 46 yaşlı kişi həyat yoldaşının üz nahiyəsinə yumruqla, təpiklə isə qol və ayaq nahiyəsinə qəsdən vurub.

Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəhla ilə 2010-cu ildə ailə qurub, onunla birgə nikahdan 3 övladı var:

"Məlum hadisə günü, saat 06 radələrində yaşadığım evdə olan zaman Şəhla mənə qarşı kobud davrandı. Bu səbəbdən əsəbləşərək əlim ilə onun üz nahiyəsinə yumruqla, təpiklə isə qol və ayaq nahiyəsinə vuraraq xəsarət yetirdim".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını deyib.

Zərərçəkmiş Şəhlanın sözlərinə görə, Cəlil ilə bundan əvvəl aralarında dəfələrlə mübahisələri olub, mübahisələrinin səbəbi ərinin onu dəfələrlə təhqir etməsi olub:

"Məlum hadisə günü, səhər saat 06 radələrində yaşadığım evdə olan zaman ərim yenidən təhqir etdi. Mən də buna əsəbləşərək mübahisə etdim. Cəlil ilə mübahisə etdikdən sonra əlim ilə üz nahiyəmə yumruqla, təpiklə isə qol və ayaq nahiyəmə vuraraq xəsarət yetirdi. Hadisə zamanı övladım evdə olsa da, digər otaqda olduğu üçün hadisənin şahidi olmayıb".

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cəlilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə yaşadığı ünvanı cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.

Bundan əlavə, ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.

Həmçinin təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Fariz Məlikli

R
Redaktor