Bakının Xətai rayonunda 71 yaşlı kişi oğluna xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Ağdərə rayon sakini, 1955-ci il təvəllüdlü Mehdi kirayə yaşadıqları evin həyətində oğlu Şəmsəddin (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında baş vermiş mübahisə zəminində 71 yaşlı kişi taxta parçası ilə oğlunun baş nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, şiddət görən oğlu ahıl atasını bağışlayıb, bu yaşda ona cəza verilməməsini istəyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

