Sosial

Azərbaycanda bir adam ən çox neçə mənzil ala bilər? — Açıqlama

Azərbaycanda bir adam ən çox neçə mənzil ala bilər? — Açıqlama

Təkrar mənzil bazarında alıcıların aktivliyi də diqqət çəkib. Belə ki, il ərzində 2 mənzil alan 2 969 alıcı ümumilikdə 5 938 əqd həyata keçirib. 3-5 mənzil alan 422 nəfər isə ümumilikdə 1 442 mənzil alıb. Bundan əlavə, il ərzində 6 və daha çox mənzil alan 9 alıcı da qeydə alınıb.

Bir şəxsin il ərzində 6 mənzil alması hallarına hər hansı məhdudiyyət tətbiq edilə bilərmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, elə bir inzibati metod yoxdur ki, vətəndaşın mənzil almasını qadağan etsin:

Azərbaycanda bir adam ən çox neçə mənzil ala bilər? — Açıqlama

"Buna heç ehtiyac da yoxdur. Bu, iqtisadi aktivliyin qarşısının alınması demək olardı. Vətəndaşın maddi imkanları yetərlidirsə, onun leqal əməkhaqqısı və ya hər hansı digər gəliri imkan verirsə, o, altı yox, 60 mənzil də ala bilər. Hər hansı məhdudiyyətin qoyulması nə arzuolunandır, nə də məqsədəuyğundur. Bu istiqamət artıq biznes xarakteri daşıyır. Belə ki, mənzilləri alıb təmir etdikdən sonra kirayəyə vermək ayrıca bir istiqamətə çevrilib. Bu sahədə gəlirlər mövcud olduğu üçün dövlət tərəfindən həmin gəlirlərdən vergi tutulması ilə bağlı da qərarlar qəbul olunub. Nə qədər çox daşınmaz əmlak satılarsa və alınarsa, bir o qədər iqtisadi aktivlik təmin olunmuş olar. Hesab edirəm ki, verilmiş statistik məlumatlar daşınmaz əmlak bazarının öz aktivliyini qoruyub saxladığını göstərir. Bir nəfərin altı, yaxud doqquz alıcının altı mənzil alması narahatedici fakt deyil. Çünki dövlət gəlirlərin şəffaflaşdırılması ilə bağlı müəyyən tələblər qoyursa və həmin şəxslər də gəlirlərini bəyan etmək imkanına malikdirsə, orada hər şey qanunidirsə, heç bir problem yoxdur".

Sədr əlavə edib ki, yəni hər hansı məhdudiyyətin tətbiqi dünya təcrübəsində də geniş yayılmış yanaşma deyil:

"İstənilən şəxs istənilən qədər əmlak ala bilər. Lakin təbii ki, gəlirlərin mənbəyi göstərilməli, həmin mənbənin şəffaf və qanuni olması təmin edilməlidir. Bu əsas qanuni tələbdir. Bu şərtlər nəzərə alınmaqla başqa hər hansı problem yaranmır. Bir il ərzində iki mənzil alan 2 969 nəfərin, 3-5 mənzil alan 423 nəfərin olması onu göstərir ki, mənzil kirayəsi və alqı-satqısı artıq ciddi bir biznes istiqamətinə çevrilib. Vətəndaşlar və sahibkarlar daşınmaz əmlak əldə etməklə bu sahəyə investisiya yatırmağa maraq göstərirlər. Daşınmaz əmlak isə investisiya istiqaməti kimi hələlik alternativi olmayan sahələrdən biridir".

FH
Fidan Hacızadə
Müxbir