Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bir sıra məhkumların əfv edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı məlumat dövlət başçısının rəsmi saytında dərc olunub.
Əvf edilənlərin siyahısında o cümlədən Fransa xeyrinə casusluq etdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fransa vətəndaşı Martin Rayanın da adı var. Rayan 2026-cı il martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmişdi.
Xatırladırıq ki, Rayan 2023-cü il dekabrın 4-də Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunmuşdu.
O, "Merkorama MMC" şirkətinin baş direktoru idi. İttiham aktına əsasən, Rayan gizli əməkdaşlıq üçün onu cəlb edən Fransa DGSE-nin (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən casus kimi istifadə olunub; həmin əməkdaşlar sonradan "arzuolunmaz şəxs" elan edilərək Bakıdan çıxarılıblar.
Bu cinayət işi üzrə Rayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunub. İşdə adı keçən digər şəxs – Azərbaycan vətəndaşı Azad Məmmədli isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.
Ümumilikdə, dövlət başçısının sərəncamı ilə 15 Azərbaycan vətəndaşı və beş əcnəbi – iki Türkiyə, bir Fransa və bir Pakistan vətəndaşı, həmçinin həm Rusiya, həm də İsrail vətəndaşlığına malik bir şəxs əfv edilib.

