Hörmüz boğazından neft axınının qismən davam etməsi və alternativ marşrutlar hesabına təchizatın müəyyən qədər qorunması qlobal bazarda neft təchizatı ilə bağlı narahatlıqları azaldıb. Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərində axının bərpasına başlaması da bazara əlavə rahatlıq verib.
Bəs mövcud vəziyyət neft bazarında təchizat risklərini nə dərəcədə azaldıb? Yaxın müddətdə neft qiymətlərinin sabitləşməsinə hansı amillər təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elçin Məmmədov bildirib ki, neft qiymətləri sentyabrın 15-dən etibarən geriləmə nümayiş etdirir və bunun əsas səbəbləri arasında Körfəz ixracatçıları tərəfindən alternativ marşrutlarla neft daşınmasının bərpa edilməsi, ABŞ neft ehtiyatlarının artması və Hörmüz boğazının açılması ehtimalının müəyyən qədər yüksəlməsi dayanır.

Onun sözlərinə görə, alternativ marşrutların işə salınması və neft daşımalarının müəyyən hissəsinin digər istiqamətlərə yönəldilməsi bazarda yaranan təchizat narahatlığını qismən azaldıb:
"Lakin bu, risklərin tamamilə aradan qalxdığı anlamına gəlmir. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr neft bazarında qiymətlərin istiqamətinə təsir edən əsas amillərdən biri olaraq qalır. ABŞ və İran münasibətlərinin daha da gərginləşməsi, ABŞ və ya İran tərəfindən hər hansı kəskin bəyanatların yayılması, münaqişənin gərginləşməsi nəticədə neft qiymətinin yenidən 100 ABŞ dollarını keçməsinə səbəb olacaq.
Hazırda bazar iştirakçıları üçün əsas məsələ neftin dünya bazarlarına hansı həcmdə və hansı marşrutlarla çatdırılmasıdır. Hörmüz boğazından keçən daşımalarla bağlı hər hansı ciddi məhdudiyyət yaranarsa, alternativ marşrutların mövcudluğu təchizatın müəyyən hissəsini kompensasiya edə bilər. Lakin bu marşrutların imkanları məhduddur və Hörmüz boğazının tam əvəzlənməsi mümkün deyil.
Digər tərəfdən, ABŞ-da neft ehtiyatlarının artması da bazarda müəyyən rahatlıq yaradan amillərdən biridir. Ehtiyatların yüksəlməsi qısamüddətli dövrdə təchizatla bağlı təzyiqi azaltmağa və qiymətlərin daha kəskin artmasının qarşısını almağa kömək edə bilər.
Lakin fundamental faktorları, yəni qlobal tələbat və onun cari artım dinamikasını nəzərə alsaq, neftin indiki səviyyələrdən azı 20 ABŞ dolları aşağı düşəcəyi və uzunmüddətli perspektivdə bu səviyyədə qalacağına işarə edir".
Ekspert qeyd edib ki, neft bazarında qiymətlərin yaxın müddətdə hansı istiqamətdə dəyişəcəyi yalnız Hörmüz boğazındakı vəziyyətdən asılı olmayacaq:
"Qlobal neft tələbatının artım tempi, hasilatçı ölkələrin istehsal qərarları, ABŞ-dakı ehtiyatların səviyyəsi və geosiyasi proseslər də qiymətlərin formalaşmasında mühüm rol oynayacaq. Hörmüz boğazı ilə bağlı risklərin azalması və alternativ ixrac marşrutlarının daha aktiv istifadə olunması qiymətlər üzərindəki təzyiqi zəiflədə bilər. Əksinə, regionda yeni gərginlik yaranacağı təqdirdə bazarda risklər yenidən artacaq və bu da neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər".

