Özəl

Elektrik avtomobilləri niyə hibridlərə çata bilmir? — Açıqlama

Elektrik avtomobilləri niyə hibridlərə çata bilmir? — Açıqlama

Dünyada bütün təşviqlərə baxmayaraq, elektrik avtomobilləri hibrid avtomobillər qədər yüksək tələb görmür. Hazırda yeni avtomobil alanların arasında hibrid modellərə üstünlük verənlərin sayısı sürətlə artsa da, elektrik avtomobili alışı zəifdir.

Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, ən vacib amillərdən biri şarj infrastrukturudur.

Onun sözlərinə görə, ölkədə şarj məntəqələrinin sayı hələ də kifayət qədər deyil:

Elektrik avtomobilləri niyə hibridlərə çata bilmir? — Açıqlama

"Uzun səfərlər zamanı isə şarj üçün əlavə vaxt tələb olunur. Hibrid avtomobillər həm elektrik, həm də benzin mühərriki ilə işlədiyi üçün bu məhdudiyyəti aradan qaldırır.

Digər səbəb məsafə narahatlığıdır. Elektrik avtomobilinin batareyasının bitməsi ehtimalı sürücülər üçün psixoloji maneə yaradır. Hibrid modellərdə isə yanacaqla hərəkətə davam etmək mümkündür".

Ekspert əlavə edib ki, batareyanın uzunmüddətli istismar dəyəri və ikinci əl bazarındakı qeyri-müəyyənlik də alıcıların qərarına təsir edir:

"Hibrid avtomobillər yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, istifadə vərdişlərinin dəyişdirilməsini də tələb etmir. Məhz bu praktik üstünlüklər hazırda bir çox ölkədə yeni avtomobil alıcılarının hibrid modellərə daha çox üstünlük verməsinin əsas səbəblərindən biridir".

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkəyə 42 755 ədəd minik avtomobili idxal edilib. Onlardan 14 703-ü hibrid, 637-si isə tam elektrik mühərrikli avtomobillər olub.

Elektrik avtomobillərinin idxalına müəyyən güzəştlərin tətbiq edilməsinə baxmayaraq, bu nəqliyyat vasitələrinə tələbat hələ də yüksək deyil. 2026-cı ildə hibrid avtomobilləri ilə bağlı güzəştlərin aradan qaldırılması onların idxal göstəricilərinə də təsir edib və idxalın azalmasına səbəb olub. Buna baxmayaraq, hibrid avtomobillərinə olan tələbat tam elektrik avtomobilləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olaraq qalır.

FH
Fidan Hacızadə
Müxbir