Gündəm

"AYNA-nın fəaliyyəti kimə xidmət edir?" — İqtisadçıdan açıqlama

AYNA-nın fəaliyyəti kimə xidmət edir? — İqtisadçıdan açıqlama

Bakının küçələrində hər gün müşahidə olunan mənzərə – saatlarla tıxacda qalan avtomobillər, hərəkət zolaqlarını daraldan, lakin əksər vaxtlarda boş qalan velosiped yolları şəhər sakinlərində ciddi narazılıq yaradır. Paytaxtın enişli-yoxuşlu relyefi, güclü küləyi, yağışlı hava şəraiti və yay aylarında yüksək temperaturu nəzərə alınmadan Avropada uzun illər ərzində formalaşmış velosiped mədəniyyətinin qısa müddətdə sadəcə yol xətlərinin çəkilməsi ilə Bakıya tətbiq edilməsi müzakirələrə səbəb olur.

Həmçinin, AYNA-nın fəaliyyəti ilə bağlı sahibkarların narazılıqları və şikayətləri artmaqdadır. Xüsusilə sahibkarlıq obyektlərinin qarşısındakı ərazilərin parklanma zonası kimi təşkil edilərək ödənişli dayanacaqlara çevrilməsi iş adamlarının narazılığına səbəb olur. Sahibkarların iddialarına görə, bəzi hallarda obyektlərin qarşısındakı ərazilər onların razılığı olmadan parklanma üçün istifadə edilir. Nəticədə müştəri axınının azalması və biznes fəaliyyətinin çətinləşməsi ilə üzləşən sahibkarların bir qismi obyektlərini bağlamaq məcburiyyətində qalır.

Ümumilikdə, Bakıda nəqliyyat infrastrukturu ilə bağlı qəbul edilən qərarlar, yol zolaqlarının daraldılması və velosiped yollarının təşkili də müzakirə mövzusudur. Tənqidlərə görə, bu qərarlar şəhərdə nəqliyyat sıxlığını artırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə də mənfi təsir göstərə bilər.

AYNA-nın nəqliyyat və parklanma siyasəti Azərbaycan iqtisadiyyatına necə təsir edir? Bu qərarlar sahibkarların fəaliyyətinə və bizneslərin bağlanmasına nə dərəcədə səbəb olur?

İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, əgər AYNA bu tipli addımları vətəndaşların rahatlığı üçün atırsa, ortaya belə bir sual çıxır: vətəndaşlar bu fəaliyyətdən nə dərəcədə razıdır?

AYNA-nın fəaliyyəti kimə xidmət edir? — İqtisadçıdan açıqlama

"Hazırda vətəndaşlar AYNA-nın atdığı addımlardan narazıdır. Paralel olaraq, kiçik və orta sahibkarlıq subyektləri, dükan və digər alış-veriş məkanlarının sahibləri də ciddi narazılıq bildirirlər. Belə olan halda sual yaranır ki, AYNA-nın fəaliyyəti kimə xidmət edir? Əgər vətəndaş narazıdırsa, sərnişin narazıdırsa, avtomobilçilər narazıdırsa, eyni zamanda dükan sahibləri də öz narazılıqlarını bildirirlərsə, deməli, AYNA-nın fəaliyyətində müəyyən problemlər var. Heç olmasa bu kateqoriyalardan birinin məmnun qaldığını görə bilsəydik, deyə bilərdik ki, AYNA-nın fəaliyyəti vətəndaşların hansısa kateqoriyasına müsbət təsir göstərir.

Sərnişinlər ictimai nəqliyyatdan istifadə ilə bağlı narazıdırlar, avtomobil sahibləri isə tətbiq olunan məhdudiyyətlər və yüksək məbləğdə cərimələrlə qarşılaşırlar. Digər tərəfdən, dükan və digər ticarət obyektlərinin sahibləri bildirirlər ki, tətbiq olunan dəyişikliklər onların müştəri axınına və satışlarına ciddi təsir göstərir".

Natiq Cəfərlinin sözlərinə görə, AYNA-nın fəaliyyəti kimə və nəyə xidmət edir sualına cavab verilməlidir:

"Əgər müxtəlif kateqoriyalardan olan vətəndaşların əksəriyyəti narazıdırsa, AYNA öz fəaliyyətini yenidən nəzərdən keçirməlidir. Azərbaycanda iqtisadiyyatla bağlı ciddi problemlərin olduğu bir vaxtda kiçik və orta sahibkarlıq da böyük çətinliklərlə üzləşir. Sahibkarların gəlirləri azalır, eyni zamanda vergi və cərimə yükü artır. Vətəndaş ictimai nəqliyyatdan lazımi səviyyədə istifadə edə bilmədiyindən narazıdır, şəxsi avtomobili olanlar isə müxtəlif məhdudiyyət və cərimələrlə qarşılaşırlar. Bütün bunlar nəzərə alınaraq, AYNA-nın həyata keçirdiyi tədbirlərin vətəndaşların, sərnişinlərin, avtomobilçilərin və sahibkarların maraqları baxımından nəyə xidmət edir?".

Fidan Hacızadə

BU
Bəxtiyar Umarlı
Redaktor