"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara serfitikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir".
Demokrat.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Dövlət Proqramına əsasən, 2028-ci ildən bu sahədə tənzimləmə tədbirlərinin görülməsi nəzərdə tutulub:
"Lakin təkrar edirəm ki, hansısa serfitikat tələbi yoxdur. Əksinə, bu sahədə fəaliyyət göstərən şəxslərə bazara çıxış imkanları yaradılacaq. Hazırda belə mexanizm yoxdur. Ən əsası isə insan sağlamlığıdır, istehlaka təqdim ediləcək ev şəraitində konservləşdirilmiş qidaların təhlükəsizliyi təmin olunacaq. Çünki təhlillərə görə, məişətdə baş verən zəhərlənmələrin 47%-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub".
İ. Kərimov əlavə edib ki, aparılan təhlillər və statistik rəqəmlər göstərir ki, 2024-2025-ci illər və cari ilin ilk 8 ayı ərzində ölkə üzrə təsdiq olunmuş 241 qida zəhərlənməsi hadisəsinin 137-si məişət zəminində baş verib. Bu da ümumi hadisələrin 57 %-i təşkil edir. Eyni zamanda, həmin hadisələrin 47 %-i mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub. İzlənilə bilinməyən həmin məhsullardan baş verən qida zəhərlənmələrinin qarşısının alınması, qida təhlükəsizliyinin təmin edilməsi, o cümlədən bu məhsulların bazara yerləşdirilməsi ilə bağlı tənzimlənmələrə ehtiyac var.
"Azərbaycan Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı"nda ev şəraitində və ailə təsərrüfatları tərəfindən hazırlanan qida məhsullarının bazara yerləşdirilməsi mexanizminin formalaşdırılması nəzərdə tutulub. Proqramda tədbirin icra müddəti 2028–2032-ci illəri əhatə edir.
Bu çərçivədə həmin məhsulların bazara yerləşdirilməsi ilə bağlı mexanizmə dair təkliflərin hazırlanması, hüquqi bazanın formalaşdırılması və tənzimləmə mexanizminin tətbiqi planlaşdırılır. Məqsəd ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların bazarlara çıxışı təmin etməklə biznesə dəstək üçün şərait yaratmaq, ən əsası isə istehlakçıların mənşəyi bilinməyən qidalardan zəhərlənmə riskindən qorunması ilə insan həyat və sağlamlığına töhfə verməkdir.
Ev şəraitində hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertifikat tələbi, cərimələrin tətbiqi kimi yanlış məlumatların yayılması cəmiyyətin həssas təbəqəsini çaşdırmağa hesablanmış cəfəng məlumatlardır", -İ.Kərimov bildirib.
Qeyd edək ki, mediada evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertıfikat tələb olunacağı ilə bağlı iddialar yayılmışdı.

