İnfrastruktur

Tramvay Bakının tıxac problemini həll edə bilər? — Açıqlama

Tramvay Bakının tıxac problemini həll edə bilər? — Açıqlama

Bakıda dərslərin və metroda təmir işlərinin başlamasında sonra nəqliyyatın iflic olması relsli nəqliyyat vasitələrinin sərnişindaşımada üstünlüyünü bir daha göstərdi.

Bəs tramvay nəqliyyatının tətbiqi ilə bağlı işlərə nə vaxt başlanılması planlaşdırılır?

Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu deyib ki, məsələyə bir qədər realist yanaşsaq, hələlik tramvay daha gec reallaşacaq:

Tramvay Bakının tıxac problemini həll edə bilər? — Açıqlama

"Çünki tramvaydan əvvəl, bu gün üçün daha real görünən nəqliyyat vasitəsi elektrik qatarlarıdır. 2030-cu ilə qədər olan planlarda artıq gələn il ilk xəttin – Hövsana gedən elektrik qatarı xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Həmin xətt demək olar ki, hazırdır. Müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun istifadəyə verilməsi ilə bağlı artıq anons da verilib.

Bundan sonra Bakı kəndləri istiqamətində – məsələn, Maştağa, Mərdəkan və digər ərazilərə elektrik qatarlarının hərəkətinin təşkilini gözləyirik. Bu istiqamətlər açılsa və düzgün işləsə, təbii ki, böyük bir yükü üzərindən götürəcək və daha ciddi effekt verəcək. Çünki hazırda Bakı kəndlərindən şəhər mərkəzinə və əks istiqamətə hərəkətdə ciddi problemlər yaşanır".

Raqif Raufoğlu bildirib ki, bəzi istiqamətlərdə, məsələn, Maştağaya doğru olan dəmir yolu xətləri artıq sökülüb, hətta bəzi hissələrin yerində evlər tikilib:

"Amma həmin xətləri bərpa etmək, bu gün ümumiyyətlə mövcud olmayan bir tramvay xəttini sıfırdan qurmaqdan daha real və rahat ola bilər. Tramvay xətləri isə, görünür, daha çox köməkçi nəqliyyat vasitəsi kimi tətbiq oluna bilər. Məsələn, müəyyən istiqamətdən elektrik qatarı stansiyasına qədər sərnişinlərin daşınmasını təmin edə bilər. Bu da daha real görünür, çünki tramvay infrastrukturu kifayət qədər böyük investisiya tələb edir. Əgər 2030-cu ilə qədər, xüsusilə də 2027-ci ildən başlayaraq, əvvəlcə Hövsan və digər istiqamətlərdə elektrik qatarlarının hərəkəti təmin olunsa, bunun effektini daha aydın görə bilərik.

Amma tramvayın metrodan daha tez istifadəyə veriləcəyini düşünmək mənə real görünmür. Çünki metro ilə bağlı artıq müəyyən büdcə və konkret hədəflər var. Tramvayla bağlı isə hələlik nə konkret büdcə məlumdur, nə də hansı istiqamətlər üzrə xəttin çəkiləcəyi tam bəllidir".

FH
Fidan Hacızadə
Müxbir