Bakının Sabunçu rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Aydın həyat yoldaşı Gülarə (adlar şərtidir – red.) ilə birgə yaşadıqları evdə mübahisə edib.
İstintaq sənədlərinə görə, Aydın yaşadıqları evin qonaq otağında arvadı Gülarənin ona tərəf boylanaraq kafeyə getməyini irad bildirməsi və kafeyə getdiyi halda arxasınca gəldiyini bildirməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı onun üzərinə gedib. O, arvadının sinəsindən əli ilə bir dəfə vurub. Nəticədə qadın yerə yıxılmasına görə xəsarət alıb.
Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gülarə ilə təxminən 10 ildir rəsmi nikahdadır və bu nikahdan iki azyaşlı övladları var, birlikdə yaşayırlar:
"Əvvəllər münasibətlərimiz yaxşı olsa da, sonradan aramızda mütəmadi olaraq müxtəlif səbəblərdən mübahisələrimiz yaşandı. Sonuncu dəfə məlum hadisə günü, təxminən saat 20:00 radələrində yaxınlıqda yerləşən kafeyə getmək üçün yaşadığımız evin dəhlizində olarkən arvadım evin qonaq otağından mənə tərəf boylanaraq kafeyə getməyimi irad bildirdi, ünvanıma nalayiq ifadə işlətdiyi üçün əsəbiləşdim. Arvadımın üzərinə gedərək sinəsindən əlim ilə bir dəfə vurdum. Nəticədə Gülarə yerə yıxıldı. Gülarə ünvanıma nalayiq ifadə işlətdiyi üçün əsəbiləşərək belə bir hərəkət etmişəm".
İş üzrə zərərçəkmiş Gülarənin sözlərinə görə, əri Aydının son zamanlar evə gec saatlarda gəlməsinə görə sözlə mübahisələri baş verib:
"Sonradan onunla mübahisə etdiyimə görə spirtli içki vərdişindən uzaqlaşdı. Lakin buna baxmayaraq, son zamanlar yenidən evə gec gəldiyinə görə mübahisələrimiz mütəmadi hal aldı. Aydın dostları ilə kafedə oturaraq gec saatlarda evə gəldikdə ona iradımı bildirirmişəm. Buna görə də sözlə mübahisəmiz baş verib".
Gülarə qeyd edib ki, məlum hadisə günü, təxminən saat 20:00 radələrində Aydın evdən çıxan zaman ona bir daha irad bildirib, kafeyə getməməsini, kafeyə getdiyi halda onun arxasınca gedəcəyini deyib:
"Bu zaman yaşadığımız evin qonaq otağında olarkən Aydın əsəbiləşərək üzərimə gəldi və sinəmdən əli ilə bir dəfə vuraraq yerə yıxılmağım üçün məni itələdi, məni döydü. Nəticədə mən xəsarət aldım. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət etdim. Əvvəllər də aramızda mübahisə olub və ərim məni döyüb".
Zərərçəkmiş şəxs ifadəsinin sonunda ərindən şikayətçi olduğunu, onunla barışmadığını, onun cəzalanmasını istədiyini deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

