Əmək bazarında yüksək gəlir əldə etmək üçün universitet diplomunun vacib şərt olub-olmaması son dövrlərdə müzakirə olunan məsələlərdəndir.
Bəs universitet təhsili olmadan yüksək gəlir əldə etmək hansı peşə və sahələrdə mümkündür? Əmək bazarında diplom, yoxsa bacarıq və təcrübə daha böyük üstünlük yaradır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxalıyeva bildirib ki, universitet təhsili insana yalnız ixtisas deyil, düşüncə sistemi, araşdırma bacarığı, intizam və müəyyən peşəkar çevrə qazandırır.

Onun sözlərinə görə, bəzi sahələrdə isə diplom ümumiyyətlə seçim deyil, hüquqi və peşəkar zərurətdir:
"Həkimlik, hüquq, müəllimlik, mühəndisliyin müəyyən istiqamətləri və akademik fəaliyyət buna nümunədir.
Dünya Bankının məlumatına görə, ali təhsil qlobal səviyyədə gəlirə müsbət təsir göstərməkdə davam edir. Sadəcə, müasir əmək bazarında uğurlu formula dəyişib.
Bugünkü əmək bazarında işəgötürən üçün "Nəyi bilirsiniz?"dən daha çox əsas sual "Nə bacarırsınız və hansı nəticəni göstərə bilərsiniz?" sualıdır. Diplom namizədə işə qəbul olunmaq üçün qapını aça bilər, həmin qapıdan keçmək üçün təcrübə və real bacarıq lazımdır.
Diplomun olması avtomatik olaraq yüksək maaş qarantiyası vermir. Yüksək maaşı insanın yaratdığı dəyər müəyyən edir. İşəgötürən əməkhaqqını artırarkən işçinin problemləri həll etmək, şirkətə gəlir qazandırmaq, xərcləri azaltmaq və prosesləri təkmilləşdirmək bacarığını, eləcə də əmək bazarında nə dərəcədə çətin əvəzlənən mütəxəssis olduğunu əsas götürür.
Xarici bazarda olduğu kimi yerli əmək bazarında da "skills-first", yəni bacarıq əsaslı işə qəbul yanaşması getdikcə genişlənir.
Artıq bir sıra böyük şirkətlər və dövlət qurumları bəzi vəzifələr üzrə diplom tələbini azaldaraq testlərə, iş nümunələrinə, portfolioya və praktik bacarıqlara üstünlük verirlər.
Universitet təhsili olmadan yüksək gəlir əldə etmək hansı peşə və sahələrdə mümkündür?
Universitet təhsili olmadan da yüksək gəlir əldə etmək mümkündür. Çünki bilik yalnız universitetdə yox, peşə təhsili, sertifikat proqramları, onlayn kurslar və real iş təcrübəsi vasitəsilə də qazanılır. Yüksək gəliri diplomun olub-olmaması deyil, bazarda tələb görən və nəticəsi ölçülə bilən bacarıqlar müəyyən edir.
Lakin universitet təhsili olmadan yüksək gəlir əldə etmək çox asan deyil. Belə halda diplomun yeri güclü portfolio, real iş nəticələri, peşəkar reputasiya və davamlı inkişafla doldurulmalıdır.
Ali təhsil olmadan yüksək gəlir daha çox informasiya texnologiyaları, proqramlaşdırma, kibertəhlükəsizlik, qrafik və UI/UX dizayn, rəqəmsal marketinq, satış, elektron ticarət, logistika və sahibkarlıq sahələrində mövcuddur.
Elektrik, qaynaq, avtomobil təmiri, santexnika, aşpazlıq, qənnadıçılıq və gözəllik xidmətləri kimi peşələrdə də yüksək gəlir əldə etmək mümkündür.
2025-ci il üzrə yerli əmək bazarının təhlilində sürücü, aşpaz və elektrik ustaları ən çox tələb olunan müstəqil peşələr sırasında göstərilib. İKT, proqramlaşdırma, mühəndislik, memarlıq və layihə idarəçiliyi isə yüksək əməkhaqqı təklif edilən sahələr arasında yer alıb".

