Çinin avtomobil istehsalçısı BYD yeni elektrik sedanı "Formula S"ni təqdim edib. Model nisbətən münasib qiyməti, güclü mühərrikləri və uzun yürüş məsafəsi ilə diqqət çəkir.
Demokrat.az xəbər verir ki, "Fang Cheng Bao" markası altında təqdim olunan "Formula S"nin baza versiyası arxa ötürücülüdür və CLTC standartına əsasən bir şarjla 730 kilometr məsafə qət edə bilir. Avtomobilin ilkin qiyməti 27 900 dollar, yəni təxminən 25 500 avrodur.
Model ümumilikdə beş komplektasiyada təklif olunur. Avtomobil üçün 329 və 402 at gücündə elektrik mühərrikləri, tam ötürücülü versiyada isə ümumi gücü 657 at gücünə çatan iki elektrik mühərriki nəzərdə tutulub. Akkumulyatorların tutumu 76,7 və 92 kilovat-saat arasında dəyişir. Ən uzun yürüş məsafəsinə malik versiya bir şarjla 900 kilometrə qədər yol gedə bilir.
"Formula S"də pnevmatik və hidravlik aktiv asqı sistemləri də daxil olmaqla müxtəlif texnologiyalar təqdim olunur. Avtomobilin aerodinamik müqavimət əmsalı 0,25-dir.
Modelin idman versiyası "Formula S GT" də təqdim edilib. 402 at gücündə arxa ötürücülü modifikasiya təxminən 29 300 avrodan başlayır və 850 kilometrdən çox yürüş məsafəsi vəd edir. Tam ötürücülü versiyanın qiyməti isə təxminən 32 200 avrodur.
Avtomobilin sürətli enerji yığma imkanları da diqqət çəkir. İstehsalçının məlumatına görə, akkumulyatorun enerji səviyyəsini 10 faizdən 70 faizə qədər cəmi 5 dəqiqəyə, 97 faizə qədər isə 4 dəqiqəyə çatdırmaq mümkündür.
"Formula S" həmçinin LiDAR sensorlarından istifadə edən "God's Eye B" sürücüyə yardım sistemi ilə təchiz olunub. Sistem avtomatik parklanma, şəhər və şəhərdənkənar yollarda avtomatlaşdırılmış idarəetmə və maneələrdən yayınma funksiyalarını dəstəkləyir.
Beş metrdən uzun olan sedanın 2960 millimetrlik təkər bazası var. Modelin "Tesla Model 3", "Tesla Model Y", "Xiaomi SU7" və "Xiaomi YU7" kimi avtomobillərlə rəqabət aparması nəzərdə tutulur. Ekspertlər onu "Tesla qatili" adlandırır.
Salonunda isə 26 düymlük proyeksiya ekranı, Devialet səs sistemi, fiziki düymələr, soyuducu və karaoke sistemi yer alır. Ön oturacaqlarda avtomobil dayandığı zaman istifadə üçün "çəkisizlik" rejimi də nəzərdə tutulub.
Jalə

