Şou-biznes

Tanınmış aktyor evtanaziya yolu ilə həyatını sonlandırdı

Tanınmış aktyor evtanaziya yolu ilə həyatını sonlandırdı

Fransız aktyor və rejissor Arnaud Denis 43 yaşında Belçikanın Namur şəhərində evtanaziya yolu ilə həyatını sonlandırıb.

Denis 2023-cü ildə sağ qasıq yırtığı ilə bağlı əməliyyatdan sonra bədəninə yerləşdirilən polipropilen implant səbəbilə ciddi sağlamlıq problemləri və dözülməz ağrılar yaşayıb. İmplant 2024-cü ilin aprelində ABŞ-da çıxarılsa da, onun vəziyyəti yaxşılaşmayıb.

Aktyora ASIA sindromu çərçivəsində miyaljik ensefalomiyelit diaqnozu qoyulub. Denis ilin əvvəlində həkimlərin ona təklif edə biləcəyi başqa müalicənin qalmadığını və həyat keyfiyyətinin ciddi şəkildə pisləşdiyini bildirmişdi.

Onun vəkili Philippe Courtois bildirib ki, evtanaziya qərarı Namurda üç həkimlə aparılan görüşlərdən sonra qəbul edilib.

Denis həmçinin implantla bağlı "ehtiyatsızlıqdan xəsarət yetirmə" iddiası ilə şikayət etmişdi. Lakin Parisdə aparılan araşdırma avqustun sonunda dayandırılıb.

Aktyor yırtıq müalicəsində istifadə olunan implantlardan sonra fəsadlar yaşayan şəxslərin bir araya gəldiyi "Yırtıq Protezlərinin Fransız Mağdurları" adlı birliyin də təsisçisi olub.

JD
Jalə Davud