Özəl

"Bu görüşdən ciddi nəticə gözlənilmir" — Ekspert

Bu görüşdən ciddi nəticə gözlənilmir — Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, mümkün atəşkəs və Kiyevə təhlükəsizlik dəstəyi məsələləri müzakirə olunub.

Bəs görüşdən hansı nəticələrin əldə olunması və bunun Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesinə necə təsir göstərəcəyi gözlənilir?

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Zelenski–Tramp görüşü, əlbəttə ki, Ukrayna savaşının dayandırılması baxımından müəyyən əhəmiyyət daşıya bilər.

Bu görüşdən ciddi nəticə gözlənilmir — Ekspert

Onun sözlərinə görə, ancaq indiki situasiyada belə tezliklə hər hansı görüşün real nəticə verəcəyi o qədər də inandırıcı görünmür:

"Burada, təbii ki, bir çox amillərin ciddi təsiri var. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşının dayandırılması üzrə sülh prosesinin indiki qəliz vəziyyətinə görə ABŞ Prezidenti Donald Tramp da ciddi şəkildə məsuliyyət daşıyır.

Çünki bu prosesin başlanğıcında Tramp həm Ukraynanı, həm də Avropa ölkələrini danışıqlar prosesindən kənarda saxladı, birbaşa Putinlə dialoqa girdi və əsas məqsəd isə bu idi ki, Tramp və Putin ortaq şəkildə Rusiyanın maraqları çərçivəsində Ukraynanın gələcək taleyini həll etməyə çalışırdılar.

Ancaq sonradan Ukraynanın kəskin müqaviməti, eyni zamanda Avropa ölkələrinin Ukraynaya ciddi dəstəyi sayəsində Tramp–Putin anlaşmaları iflasa uğradı. İndi də bu prosesin digər mərhələsi davam edir. Ancaq bu dəfə Tramp Zelenskini və Ukraynanı kənarda saxlamağın mümkün olmayacağını artıq anlayıb. Ona görə də Putinlə yanaşı, Zelenski və Ukraynanın siyasi dairələri ilə də təmaslar qurulur.

Bu görüşdən də ciddi nəticə gözlənilmir. Çünki bir müddət öncə Trampın xüsusi nümayəndələri həm Moskvaya, həm də Kiyevə səfər etmişdilər və məlum olmuşdu ki, bu səfərlər nəticəsiz qalıb. Burada da əsas məsələ ondan ibarətdir ki, Ağ Evdə Ukrayna savaşının dayandırılması üzrə sülh planı artıq hazırlanıb. Ancaq Trampın nümayəndələrinin də etiraf etdiyi kimi, həmin anlaşma layihəsində nəzərdə tutulan bəzi müddəalar Ukrayna tərəfindən qətiyyən qəbul olunmur.

Xüsusilə də Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Rusiyanın nəzarətinə verilməsi ilə bağlı müddəanın rəsmi Kiyev tərəfindən rədd edildiyini bildirir".

Politoloq əlavə edib ki, rəsmi Kiyev heç bir halda bunu qəbul etmək niyyətində deyil:

"Hazırda Ağ Ev təmsilçilərinin Ukrayna rəhbərliyi ilə görüşlərində də məhz bu məsələ ciddi şəkildə müzakirə olunur. Ancaq böyük ehtimalla rəsmi Kiyev, o cümlədən Prezident Zelenski heç bir halda Ukrayna ərazilərinin Rusiyaya verilməsini qəbul etməyəcək. Rusiyanın isə bu iddiadan imtina etmək niyyəti hələlik müşahidə olunmur. Rusiya hələ də öz neoimperialist iddialarından və şərtlərindən geri çəkilmək istəmir.

Ona görə də bütün bunları nəzərə aldıqda, Ukrayna savaşının dayandırılması məsələsində Tramp–Zelenski görüşünün elə bir ciddi nəticəsinin olacağı gözlənilmir. Ancaq bu görüşdə Zelenski Trampı ABŞ-nin Ukraynaya daha ciddi və intensiv dəstək verməsinə inandırmağa çalışa bilər. Çünki indiki dövrdə Ukraynanın buna ehtiyacı var.

Ukrayna Trampa mesaj verir ki, əgər Rusiya Ukrayna ərazisindəki infrastruktura zərbələri dayandırarsa, o zaman Ukrayna da Rusiyanın dərinliklərinə zərbələri dayandıra bilər.

Ancaq rəsmi Kiyev tam anlayır ki, Kreml bununla razılaşsa belə, bu şərtə əməl etməyəcək, vaxtaşırı, hətta ardıcıl şəkildə Ukraynaya zərbələri davam etdirər. Ona görə də bu şərti irəli sürür. Əsas məsələ ondan ibarətdir ki, Ukrayna Rusiyanı şərtləri və sülh prinsiplərini yerinə yetirməyən tərəf kimi təqdim etməyə çalışır və buna paralel olaraq həm Avropa İttifaqından, həm də Amerika Birləşmiş Ştatlarından Ukraynaya daha ciddi dəstək verilməsini istəyir.

Hazırda proses bu istiqamətdə cərəyan edir və böyük ehtimalla Tramp–Zelenski görüşündə sülhə nail olmaqdan daha çox, Amerika Birləşmiş Ştatlarının Ukraynaya hansı səviyyədə dəstək verə biləcəyi müzakirə oluna bilər".