Beyin sağlamlığı üçün səhər yeməyində nə yemək lazımdır?
Diyetoloqlar zehni aydınlığı və yaxşı yaddaşı qorumaq üçün səhər yeməyində hansı məhsulların qəbul edilməsinin faydalı ola biləcəyini açıqlayıblar.
Demokrat.az xəbər verir ki, düzgün səhər yeməyi yalnız enerji səviyyəsinə deyil, həm də gün ərzində diqqəti cəmləmək və məlumatları yadda saxlamaq qabiliyyətinə təsir edir.
Bununla əlaqədar diyetoloqlar səhər yeməyinə koqnitiv sağlamlığı dəstəkləyə bilən beş məhsul daxil etməyi tövsiyə ediblər. Bu barədə "Health" yazır.
Qoz - Araşdırma göstərib ki, səhər yeməyində qozdan hazırlanmış yeməklər qəbul edən gənclərdə gün ərzində daha sürətli reaksiya və daha yaxşı yaddaş göstəriciləri müşahidə olunub.
Qaragilə - Koqnitiv funksiyaların dəstəklənməsi ilə əlaqələndirilən birləşmələrlə zəngindir. Araşdırmaların icmalı göstərib ki, bu giləmeyvəni qəbul edən uşaqlarda məlumatları yadda saxlamaq və xatırlamaq qabiliyyəti yaxşılaşıb.
Digər araşdırmalar isə yüngül koqnitiv pozuntuları olan yaşlı insanlarda qaragilənin müntəzəm qəbulunun yaddaş üçün mümkün faydalarına işarə edib.
Yumurta - Yumurta beynin fəaliyyətində və yaddaş, eləcə də öyrənmə ilə əlaqələndirilən neyrotransmitter asetilxolinin istehsalında iştirak edən xolin maddəsinin mənbəyidir.
Xolindən əlavə, yumurtanın tərkibində zülal, lutein, dokozheksaen turşusu, vitaminlər və minerallar var. Araşdırmalar yumurta qəbulunu bəzi yaddaş göstəricilərinin və məlumatların emal sürətinin yaxşılaşması ilə əlaqələndirib.
Göbələk - Diyetoloq Meqqi Munun sözlərinə görə, göbələklər əhval-ruhiyyəni dəstəkləməyə və zehni yorğunluğu azaltmağa kömək edə bilər. Kiçik həcmli bir araşdırmada təxminən bir fincan təzə göbələyə bərabər porsiya qəbul edən insanlarda da oxşar təsir müşahidə olunub.
Avokado - Avokadonun tərkibində koqnitiv sağlamlıqla əlaqələndirilən antioksidant lutein var. Bir araşdırmada altı ay ərzində hər gün avokado qəbul edən yaşlı insanların işçi yaddaş, tapşırıqları həll etmə və diqqətin davamlılığı göstəricilərində yaxşılaşma müşahidə edilib.
Bundan əlavə, avokadonun tərkibində birli doymamış yağlar və lif var. Ekspertlərin sözlərinə görə, onlar normal qan dövranını və daha sabit enerji səviyyəsini qorumağa kömək edir.
Jalə

