Maddi imkanları məhdud olan bəzi insanlar buna baxmayaraq bahalı telefon, avtomobil və geyim almağa üstünlük verirlər. Bəzən bu seçimlər real ehtiyacdan daha çox cəmiyyətdə müəyyən imic formalaşdırmaq, başqalarından geri qalmamaq və özünü daha imkanlı göstərmək istəyi ilə əlaqələndirilir.
Bəs insanları maddi imkanlarından kənar xərclərə sövq edən əsas səbəblər nələrdir?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a bu barədə açıqlamasında deyib ki, cəmiyyətdə dəbdə olanlara, bahalı olanlara, daha faydalı və daha cəlbedici görünənlərə maraq həmişə böyükdür. Bu, insan xarakterinin xüsusiyyətindən irəli gələn bir cəhətdir.

Onun sözlərinə görə, bu məsələnin araşdırılmasında müxtəlif yanaşmalar var:
"Məsələn, sosioloji tədqiqatlar göstərir ki, adətən insanlar öndə olanı həqiqət kimi görürlər və dəbdə olanı da nümunə kimi qəbul edirlər. Bu da, belə deyək, həm sosioloji dinamikanın, həm də sosial davranışın kəsişməsi müstəvisində yaranan bir paradoksdur.
Yəni bəzən müxtəlif psixoloji səbəblər müəyyən edilir. İndiki dövrdə bazarda müəyyən psixoloji təsirlər artıb. İnsan fikirləşir ki, əgər arzulayıramsa, əldə etməliyəm. Əldə edirəmsə, müəyyən bir nəticəyə gəlib çatmalıyam. Bu baxımdan da hər bir halda, hər bir insanın bahalı telefon, bahalı avtomobil və dəbdə olan, brend geyimi almaq istəyi çox təbii və normaldır.
Çalışmaq lazımdır ki, insanların sosial rifahı da elə bir səviyyəyə çatsın ki, bahalı geyimlər onlar üçün kifayət qədər ucuz və əlçatan görünsün. Bu məsələnin birinci tərəfidir.
Digər tərəfdən, insanların düşüncələrinin yalnız dəbin təsiri ilə formalaşmaması üçün biz onların sosial maarifləndirilməsinə, təhsilinə, davranışına və fəaliyyətinə həm bir peşəkar kimi, həm də media və sosial media müstəvisində düzgün istiqamət verməyi bacarmalıyıq.
Təbii ki, hər kəs davranışında azaddır, müstəqildir, fərdi seçimlərində də azaddır. Amma sosial məsuliyyət, sosial davranışın düzgün tənzimlənməsi, qarşılıqlı ictimai qınaq və qarşılıqlı sosial nəzarət faktorları burada həlledici rol oynayır.
Aydın məsələdir ki, kim nəyi necə almaq istəyirsə, bunun üçün imkan və yollarını düşünməlidir. İstəyin, arzunun olması heç də pis deyil, normaldır. İstəyə çatmaq yollarında problem yaranır. Kimsə bunu halal qazancı ilə, normal yollarla varlanmaqla, müəyyən gəlir əldə etməklə arzusuna çatmaq istəyir. Başqasının arzusu karyerada yüksəlməkdir.
Yəni maddi imkanlar onu o qədər də cəlb etmir. Amma ola bilər ki, hər ikisi bir-biri ilə bağlıdır. Çünki maddi təminat həm də sosial rifahın, iqtisadi inkişafın, eləcə də ilkin tələbatların ödənilməsinin, sosial təminatın və sosial təhlükəsizliyin əsası olaraq başa düşülür. Bunları bir-birindən ayırmaq, təcrid etmək doğru deyil.
Əgər satışda bahalı telefon varsa, kimsə onu gözləyirsə və istəyirsə, ən yeni məhsulu almaq istəyi normaldır. İnsan yeniliyə və daha yaxşı məhsula can ata bilər. Amma normadan kənar, deviant, qanuna zidd və ictimai təhlükəli davranışla, cinayət yolu ilə buna nail olmaq istəyənlərə qarşı, təbii ki, dövlət və cəmiyyət qarşısında, qanun çərçivəsində cavabdehlik məsələsi ortaya çıxır və bu məsələlərin həllində hüquqi və sosial mexanizmlər rol oynayır.
Düzdür, hər zaman ədalətli həll yolundan danışmaq mümkün deyil. Amma insanların arzularına da müdaxilə etmək, onların bahalı bir şeyi arzulamasını qadağan etmək, bunu müzakirə obyektinə çevirməyin özü belə bir qədər yanlışdır.
Çünki insan arzulaya bilər. Bir məsəl var ki, general olmaq istəməyən əsgər əsgər deyil. İnsan yüksəlməyi, irəliyə doğru baxmağı, daha çox qazanc əldə etməyi, həyatını qurmağı, özünə komfort və rahatlıq yaratmağı, ən yaxşı şəraiti cəmiyyət üçün düşünməyi bacarmalıdır".
Sosioloq əlavə edib ki, bu istək əslində sosiallaşmanın bir tərkib hissəsidir:
"Biz sadəcə bunu kontekstdən çıxaranda pis bir vərdiş kimi görürük. Həyatda əslində heç bir pis vərdiş, pis davranış yoxdur; tənzimlənməyən, düzgün istiqamətləndirilməyən, düzgün planlaşdırılmayan yanaşmalar var. Burada da medianın müsbət rolu var, sosial şəbəkələrin təsiri həm müsbət, həm də mənfidir. Qloballaşmanın təsiri ilə hər kəs gördüyünü arzulayır, istəyir, başa düşüləndir.
Amma bunu yerli-yersiz qınayırıqsa, biz ona daha çox diqqət cəlb etmiş oluruq. Qadağan olunan hər bir şey diqqəti cəlb edir. Bahalı məhsulun imkanları məhdud insanlar üçün əlçatmaz olması onun qadağan olduğu anlamına gəlmir.
Elə bir səviyyəyə gətirmək lazımdır ki, o, kütləvi istehsal səviyyəsinə gəlsin və hər kəs üçün əlçatan olsun. Təbii ki, kiminsə işi, əməyi, fəaliyyəti və yaxud irsi daha çoxdursa, nisbi üstünlük əldə edir. Amma bütün hallarda insanların inkişafında bərabər şərait yaradılmalıdır.
Əgər faydalıdırsa, hətta o bahalı bir məhsulu dövlət, cəmiyyət və ya imkanlı şəxs ehtiyacı olan insana hədiyyə edə bilər. Biri var ki, avtomobildən faydalı məqsədlər üçün istifadə edirsən, biri də var, avtomobili götürürsən, 50-60 minlik avtomobili divara çırpırsan, qəza törədirsən, cinayət hadisəsinin və ya bədbəxt hadisənin səbəbkarı olursan, özünü də, başqalarını da çıxılmaz, pis vəziyyətə salırsan. Bu fərqli bir yanaşmadır.
Bəzən insan bacarmadığını pul vasitəsilə, maddiyyat vasitəsilə əldə edir, amma xoşbəxt ola bilmir. Səbəb ondan ibarətdir ki, o, özünü aid olmadığı bir mühitdə görür. Yəni maddi imkanlarla şəxsi istəklər üst-üstə düşdükdə insan özünü daha xoşbəxt hiss edə bilər. Hər kəs minimumla, təbii ki, qane ola bilər, amma minimumla qane olmaq üçün onun arzularını məhdudlaşdırmamalıyıq. İnsanın arzuları olduqca inkişaf etməyə çalışması təbiidir.
Sadəcə arzulara gedən doğru yol göstərilməlidir. Buna nail olub-olmaması onun şəxsi seçimlərindən, həyat tərzindən və mövcud imkanlarından asılıdır".

