Daxili İşlər Nazirliyinin idarəçiliyində olan mühafizəli duracaqlara avtomobillərin gətirilməsi və orada saxlanması xidmətlərinin yeni qiymətləri bəlli olub.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq sənəd imzalayıb.
Yeni qaydalara əsasən, maşının evakuatorla duracağa aparılması xidməti 30 manat təşkil edəcək.
Avtomobillərin duracaqda qalma haqqı onların çəkisindən asılı olaraq dəyişəcək. Çəkisi 3.5 tona qədər olan nəqliyyat vasitələri üçün sutkalıq ödəniş 2 manat müəyyənləşdirilib. Ağırlığı 3.5 tondan 10 tona qədər olan maşınlar üçün gündəlik 3 manat ödənilməlidir. Çəkisi 10 tonu ötən böyük nəqliyyat vasitələri üçün isə bu rəqəm 5 manat təşkil edir.
Qoşqulu nəqliyyat vasitələrinin saxlanması zamanı müəyyən edilmiş məbləğin üzərinə əlavə 50 faiz ödəniş gələcək.
Duracaq haqqının hesablanma vaxtı da dəqiqləşib. Ödəniş avtomobilin əraziyə gətirildiyi gündən sonrakı gün gecə saat 00:00-dan etibarən hesabla aparılacaq.
Əvvəllər bu sahədəki qiymətlər Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarı ilə tənzimlənirdi.
Yəni sürücülər bundan sonra evakuasiya və cərimə meydançası xidmətlərinə görə yenilənmiş tariflər üzrə ödəniş edəcəklər.

