Ermənistan hökumətinin başçısı qeyd edib ki, TRIPP layihəsinin həyata keçirilməsi beynəlxalq ictimaiyyətə Şərq ilə Qərb arasında yeni bir marşrut təqdim edəcək.
Demokrat.az xəbər verir ki, baş nazir Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir.
Paşinyanın qeyd etdiyi kimi, İrəvan hazırda TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir. Bu layihənin reallaşdırılması Ermənistana 1990-cı illərin əvvəllərindən bəri faktiki olaraq qaldığı blokadadan çıxmağa imkan verəcək.
"İlk növbədə, biz Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq. Biz Ermənistanla Türkiyə arasında sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin qurulmasını səbirsizliklə gözləyirik. Daha geniş kontekstdə bu, beynəlxalq logistikanı dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərbi birləşdirən yeni bir marşrut qazanacaq", - deyə Ermənistan hökumətinin başçısı bildirib.
Onun fikrincə, nəticədə Fars körfəzi ölkələrini Qara dəniz regionu ilə birləşdirən dəmir yolu xətti də açılacaq.
Paşinyan qeyd edib ki, bir neçə il əvvəl Ermənistan hökuməti "Sülh qovşağı" adlı layihəyə başlayıb. O hesab edir ki, bütün bunlar indi reallığa çevrilir.

