Amerikalı funksional tibb həkimi Mark Himan 12 yaşlı bir uşağın diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) ilə bağlı müalicə tarixçəsini paylaşaraq qidalanma və bağırsaq sağlamlığının əhəmiyyətinə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, Himanın sözlərinə görə, uşaq illər ərzində müxtəlif mütəxəssislərə müraciət edib və yeddi fərqli dərman istifadə edib. Onun astma, baş və qarın ağrıları, yuxusuzluq və davranış problemləri də olub. Uşaq demək olar ki, heç vaxt tərəvəz yeməyib və əsasən emal olunmuş qidalarla qidalanıb.
Həkimin apardığı müayinələr zamanı bağırsaq mikrobiomunda pozulmalar, yüksək gluten anticisimləri, süd məhsullarına reaksiya, bəzi vitamin və mineralların çatışmazlığı, həmçinin digər problemlər müəyyən edilib. Bundan sonra uşağın qidalanması dəyişdirilib, bəzi məhsullar rasiondan çıxarılıb, probiotiklər və müxtəlif əlavələr tətbiq olunub.
Himanın paylaşımına görə, təxminən iki ay sonra uşağın davranış problemləri və digər şikayətləri aradan qalxıb, dərman istifadəsi də dayandırılıb. Həkim onun əl yazısında belə nəzərəçarpacaq dəyişiklik olduğunu bildirib.
Bu hadisə DEHB ilə həzm sistemi arasındakı mümkün əlaqə ilə bağlı yeni elmi məlumatların fonunda müzakirə olunub. 2026-cı ilin sentyabrında yayımlanan və 23 araşdırmanın nəticələrini birləşdirən meta-analizdə 1,9 milyondan çox insanın məlumatları araşdırılıb. Nəticələrə əsasən, DEHB diaqnozu olan şəxslərdə bəzi həzm sistemi problemlərinə təxminən 50 faiz daha çox rast gəlinib. Bununla belə, tədqiqatçılar həzm problemlərinin DEHB-yə səbəb olduğunu təsdiqləməyin hələ mümkün olmadığını vurğulayıblar.
Mütəxəssislər isə bir uşağın müalicə tarixçəsinin bütün DEHB xəstələrinə şamil edilə bilməyəcəyini bildirirlər. Onların fikrincə, qidalanma və bağırsaq sağlamlığı bəzi simptomlara təsir göstərə bilər, lakin dərmanların həkim məsləhəti olmadan dayandırılması düzgün deyil.
Jalə Demokrat.az

