Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir.
Siyasi şərhçi Ülviyyə Zülfiqar Demokrat.az-a açıqlamasında bildirib ki, müasir dünyada təhlükəsizlik artıq bir dövlətin öz sərhədləri daxilində təkbaşına təmin edə biləcəyi məsələ deyil:
“Regional və qlobal proseslər bir-biri ilə o qədər sıx bağlıdır ki, bir coğrafiyada yaranan böhran qısa müddətdə digər regionlara da təsir göstərə bilir. Bu baxımdan, Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qarşılıqlı etimad məsələsinin xüsusi vurğulanması böyük önəm daşıyır. Bu gün beynəlxalq münasibətlər sistemində əsas problemlərdən biri məhz etimad çatışmazlığıdır. Dövlətlər arasında siyasi ziddiyyətlərin dərinləşməsi, davam edən münaqişələr və qarşıdurmalar mövcud təhlükəsizlik mexanizmlərinin imkanlarını ciddi şəkildə sınağa çəkir. Belə bir şəraitdə dialoq kanallarının açıq saxlanılması və fərqli mövqelərə malik tərəflərin ortaq maraqlar ətrafında əməkdaşlıq imkanları axtarması daha böyük əhəmiyyət qazanır. Azərbaycanın mövqeyində təhlükəsizliklə əməkdaşlığın bir-birindən ayrılmaması da diqqət çəkir”.
Ülviyyə Zülfiqar vurğulayıb ki, digər mühüm məqam Azərbaycanın bu yanaşmanı regional əməkdaşlıq təşəbbüsləri ilə əlaqələndirməsidir:
“Ölkəmiz müxtəlif siyasi, iqtisadi, nəqliyyat və enerji layihələri vasitəsilə region dövlətləri arasında əməkdaşlığın genişlənməsinə önəm verir. Prezident İlham Əliyev əvvəlki çıxışlarında da regional əməkdaşlıq formatlarını sabitlik, sülh və iqtisadi inkişafla əlaqələndirir. Hesab edirəm ki, müraciətin əsas mesajlarından biri də budur ki, indiki mürəkkəb beynəlxalq şəraitdə təhlükəsizliyin qorunması üçün dövlətlər arasında işlək dialoq, qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq mexanizmləri mütləq lazımdır. Bakıda belə bir təhlükəsizlik forumunun keçirilməsi də müxtəlif ölkələrdən olan ekspertlərin və qərar qəbuletmə prosesinə yaxın şəxslərin eyni platformada fikir mübadiləsi aparması baxımından əhəmiyyətlidir. Yəni Azərbaycan həm də təhlükəsizlik və əməkdaşlıqla bağlı beynəlxalq dialoqun aparıldığı platformalardan biridir”.

