Türkiyəli aktrisa Hande Erçel bu dəfə yeni layihəsi və ya tədbirdəki görünüşü ilə deyil, illər əvvəl yaşandığı iddia edilən maraqlı bir məişət əhvalatı ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Munisa Aktamova adlı qadın təxminən dörd il əvvəl təmizlik işi üçün Hande Erçelin evinə getdiyini bildirib. Qadının sözlərinə görə, həmin vaxt aktrisa səhər yeməyi üçün zeytun yağında tavada yumurta hazırlanmasını istəyib.
Ancaq yumurtanın bişirilməsi gözlənilməz vəziyyət yaradıb. Aktamovanın iddiasına görə, yumurtanın rəngi bişərkən yaşıla çevrilib. O, yumurtanın xarab olduğunu düşünərək ilk iki yumurtanı atdığını və eyni halın növbəti yumurtada da təkrarlandığını deyib.
Bu zaman Erçelin mətbəxə gəldiyi və problemin səbəbini izah etdiyi bildirilib. Qadının paylaşımına əsasən, istifadə olunan tava misdən hazırlanıb və yumurtanın rənginin dəyişməsinə də məhz bu səbəb olub.
Hadisənin ən maraqlı hissəsi isə bundan sonra yaşanıb. Aktamovanın sözlərinə görə, növbəti yumurtalardan biri cüt sarılı çıxıb və bu, Hande Erçeli sevindirib.
Qadın paylaşımında aktrisanın bu kimi sadə bir hadisədən məmnun qalmasını xüsusi qeyd edib və onu "çox təvazökar" adlandırıb.
Qeyd edək ki, sözügedən şəxsin Hande Erçelin evində işləməsi və danışdığı hadisə müstəqil şəkildə təsdiqlənməyib. Buna baxmayaraq, illər əvvəl baş verdiyi iddia edilən bu kiçik mətbəx əhvalatı sosial şəbəkələrdə diqqət çəkib.

Jalə
Demokrat.az

