İdman

32 il sonra Bakıda böyük matç — Söz-söhbət var idi və nəhayət, təsdiqləndi...

32 il sonra Bakıda böyük matç — Söz-söhbət var idi və nəhayət, təsdiqləndi...

Türkiyənin köklü klublarından olan “Fənərbağça”nın Azərbaycanda “Turan Tovuz”la qarşılaşacağı açıqlanıb. Komandanın Bakıda meydana çıxması futbol ictimaiyyətinin və azarkeşlərin diqqətini çəkib.

Bəs “Fənərbağça” kimi tanınmış klubun Azərbaycana gəlməsi yerli futbolun inkişafı və klublarımızın beynəlxalq səviyyədə tanıdılması baxımından hansı əhəmiyyət daşıyır? Belə qarşılaşmalar Azərbaycan futboluna marağın və beynəlxalq əlaqələrin artmasına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında futbol şərhçisi Mehman Süleymanov bildirib ki, “Turan Tovuz”la “Fənərbağça”nın oyununun maraqlı məqamlarından biri onunla bağlıdır ki, 32 il əvvəl məhz bu komandalar Avrokuboklarda qarşılaşıblar.

Onun sözlərinə görə, düz etiraf etmək lazımdır ki, o vaxt komandanın adı Turan idi, sənədlərdə isə başqa adla qeyd olunurdu:

“Amma hər halda Tovuzun təmsilçisi idi və indiki “Turan Tovuz” da Turan komandası olaraq həmin komandanın davamçısı sayılır.

Bu matç həm də onunla tarixə düşmüşdü ki, bizim Avrokuboklarda ilk matçımız idi. Biz onda UEFA Kubokunda debüt etdik. Avqust ayında keçirilən matçlarda İstanbulda “Fənərbağça” 5:0 hesabı ilə qalib gəlmişdi, “Turan” isə o vaxt Sumqayıtda oynayırdı və orada 2:0 hesablı, inamlı qələbə qazanaraq, qol buraxmadan növbəti mərhələyə adlamışdı.

İndi qarşıdakı matça gəlincə, bu matç haqqında xeyli vaxtdır söz-söhbət var idi və nəhayət, təsdiqləndi ki, “Turan Tovuz” “Fənərbağça”nı yenidən Bakıya gətirir. Bu dəfə yoldaşlıq görüşüdür və bunun üçün ilk növbədə təqvimdə uyğun vaxt lazım idi.

Məlumdur ki, bu, yalnız milli fasilədə mümkün idi. Çünki digər vaxtlarda rəsmi oyunlar var, hər iki komandanın qrafiki sıxdır. Üstəlik, nəzərə alsaq ki, “Fənərbağça” Çempionlar Liqasının liqa mərhələsində də oynayır.

Əlbəttə, milli fasilədə olması heyətə müəyyən qədər təsir göstərəcək, çünki yığma üzvləri həmin vaxt klubun deyil, milli komandanın düşərgəsində olacaqlar. Amma istənilən halda “Fənərbağça” bura gəlir və vacib məqamlardan biri odur ki, “Fənərbağça”nın Azərbaycanda, xüsusilə də paytaxt Bakıda çox böyük azarkeş ordusu var.

Eyni sözləri digər İstanbul nəhəngləri, Türkiyənin digər böyük klubları üçün də demək olar. Təbii ki, “Qalatasaray”, “Fənərbağça” və müəyyən qədər “Trabzonspor”.

Ona görə də bu matça, dediyim kimi, Bakıda yaşayan çoxlu azarkeş – “Fənərbağça” azarkeşi olan azərbaycanlılar gələcəklər və yəqin ki, “Fənərbağça” forması ilə də bu matça qatılacaqlar. Əlbəttə, bu, çox böyük maraq kəsb edir. O mənada ki, Türkiyə mətbuatında bu matça geniş yer ayrılacaq və bu, “Turan Tovuz”un qardaş ölkədə də tanınmasında çox böyük rol oynayacaq”.

Mehman Süleymanov əlavə edib ki, belə matçların sayı nə qədər çox olsa, bu, Azərbaycan futbolunun həm populyarlaşması, həm də futbola marağın artması baxımından çox faydalıdır:

“Ona görə də digər klublarımıza da, belə deyək, çağırış edirik ki, Avropa klubları ilə olmasa belə, ən azı qardaş ölkə təmsilçiləri ilə əlaqədə olub belə matçların təşkilinə imkan yaratsınlar.

Bu azarkeşlər də hər dəfə Avrokuboklarda püşkatma olanda Türkiyə klublarının bizim klublarla qarşılaşmasını çox arzulayırlar. Amma bu olmayanda, heç olmasa, yoldaşlıq görüşləri vasitəsilə həmin matçların ab-havasını yaşamaq olar.

Son olaraq onu da qeyd edim ki, əvvəl belə yoldaşlıq görüşləri praktikası olub. Xatırlayırsınızsa, Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Qalatasaray” arasında yoldaşlıq görüşü xarakterli qarşılaşma olmuşdu. “Sabah”ın da “Beşiktaş”la matçı olmuşdu. Və indi bu dəfə “Fənərbağça” Tofiq Bəhrəmov adına Respublika Stadionunda meydana çıxacaq.

Və bir məqamı da əlavə edim, məkanla bağlı. Əlbəttə, Tovuzda olması daha yaxşı olardı, çünki Tovuzda çoxlu azarkeş var. Amma nəzərə alaq ki, stadionun tutumu azdır, ona görə də oyunun həmin stadionda keçirilməsi real deyildi. Dediyim kimi, oyuna böyük maraq var. Ona görə də bu oyunu paytaxtda, çoxlu azarkeşi qəbul edə biləcək mərkəzi arenamızda keçirirlər”.

Nuray Paşşanlı

D
demokrat.az