Özəl

İngiltərə klubları iki türk futbolçunu transfer etmək istəyir

İngiltərə klubları iki türk futbolçunu transfer etmək istəyir

Türkiyənin "Beşiktaş" klubunda çıxış edən iki milli futbolçu İngiltərə Premyer Liqası komandalarının diqqətini cəlb edib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, İstanbul təmsilçisinin kapitanı Orkun Kökçü "Liverpul"un diqqət mərkəzindədir. İngiltərədən daha iki klubun da 25 yaşlı yarımmüdafiəçisinin çıxışını izlədiyi qeyd olunur.

Digər tərəfdən, "Tottenhem"in gənc müdafiəçi Emirhan Topçunu yaxından izlədiyi bildirilir. Futbolçunun bu mövsüm nümayiş etdirdiyi performansın Premyer Liqa klublarının marağına səbəb olduğu vurğulanır.

"Beşiktaş" rəhbərliyinin isə mövsümün əvvəlində komandaya cəlb edilən və əsas heyətin vacib üzvlərinə çevrilən futbolçularla bağlı mümkün təkliflərə ehtiyatlı yanaşacağı gözlənilir. Klubun Orkun Kökçü və Emirhan Topçu ilə bağlı qərar verməzdən əvvəl baş məşqçi heyətinin fikrini də nəzərə alacağı bildirilir.

İngiltərə klublarının marağının mövsüm ərzində davam edəcəyi təqdirdə, hər iki futbolçu üçün yay transfer pəncərəsində ciddi danışıqların gündəmə gələ biləcəyi qeyd olunur.

Qeyd edək ki, "Beşiktaş"ın ötən mövsümün qış transfer dönəmində heyətinə qatdığı Junior Olaitan da Avropa klublarının diqqətindədir. Bildirilir ki, onun çıxışını müxtəlif Avropa komandalarının nümayəndələri izləyir.

Jalə

Demokrat.az

JD
Jalə Davud