Uşaqların telefon və rəqəmsal platformalardan istifadəsi valideynlər üçün getdikcə daha çox müzakirə olunan məsələlərdən birinə çevrilir. Xüsusilə qısa videoların geniş yayılması uşaqların ekran qarşısında keçirdiyi vaxt və diqqət müddəti ilə bağlı suallar yaradır.
Bəs uşaqlara telefondan istifadə hansı yaşdan etibarən və hansı qaydalarla icazə verilməlidir? Qısa videolar uşaqların diqqətinə necə təsir edir və valideyn nəzarəti hansı həddə qədər olmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında psixoloq M. Almara Ağaqızı bildirib ki, uşaqlarda telefon istifadəsinə yalnız “neçə saat baxır?” sualı ilə yanaşmaq doğru deyil.

Onun sözlərinə görə, burada uşağın yaşı, izlədiyi məzmun, ekranın hansı məqsədlə istifadə edilməsi və ən əsası, telefonun real həyatdakı hansı fəaliyyəti əvəz etməsi nəzərə alınmalıdır:
“Erkən uşaqlıq dövründə beyin sürətlə inkişaf edir və uşaq dünyanı əsasən canlı ünsiyyət, toxunma, hərəkət, oyun və ətraf mühitlə qarşılıqlı əlaqə vasitəsilə öyrənir. Buna görə də ekran uşağın əsas məşğuliyyət vasitəsinə çevrilməməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı 1 yaşlı uşaqlarda ekran qarşısında passiv vaxtı tövsiyə etmir, 2 yaşdan etibarən isə ekran vaxtının gündə 1 saatdan çox olmamasını və daha az müddətin üstün tutulmasını bildirir.
Amerika Pediatriya Akademiyasının tövsiyələrində də 18 aya qədər videozəng istisna olmaqla ekran istifadəsinin məhdudlaşdırılması, 18–24 ay arasında isə yalnız keyfiyyətli məzmunun valideynlə birlikdə izlənməsi vurğulanır. 2–5 yaş arasında gündə təxminən 1 saat keyfiyyətli məzmun məqbul hesab edilir.
Mənim praktik müşahidələrimdə isə əsas problemlərdən biri qısa və sürətlə dəyişən videolardır. Qısa video məzmunlarda bir neçə saniyədən bir yeni görüntü, səs və mövzu ilə qarşılaşmaq uşağın diqqət sistemini davamlı olaraq yeni stimula yönəldir. AAP də sürətli templi videoların kiçik uşaqlar üçün emal edilməsinin daha çətin olduğunu, baxışdan dərhal sonra düşünmə, öyrənmə, yadda saxlama və özünüidarə kimi proseslərdə istifadə olunan koqnitiv resursların müvəqqəti olaraq zəifləyə və ya nizamsızlaşa biləcəyini qeyd edir.
Bununla belə, elmi baxımdan “qısa videolar uşağın diqqətini mütləq və qalıcı şəkildə pozur” demək hələ tezdir; onların icraedici funksiyalara uzunmüddətli təsiri barədə daha çox araşdırmaya ehtiyac var. Praktikada mən bunun davranışdakı əksini də görürəm: uşaq uzun müddət sürətli stimullara alışdıqda kitab oxumaq, dərs dinləmək, tapşırıq həll etmək, konstruktor yığmaq və ya sadəcə sakit şəkildə oyun oynamaq ona daha “darıxdırıcı” görünə bilər. Burada məsələ təkcə telefon deyil. Məsələ beynin hansı stimulla nə qədər tez-tez qarşılaşmasıdır”.
Psixoloq əlavə edib ki, valideyn nəzarəti isə, onun fikrincə, nə tam qadağa, nə də tam sərbəstlik olmalıdır:
“Xüsusilə kiçik yaşlarda valideyn uşağın hansı tətbiqlərə daxil olduğunu, hansı videolara baxdığını və kimlərlə ünsiyyət qurduğunu bilməlidir. Yaş artdıqca nəzarət tədricən uşağa rəqəmsal məsuliyyət öyrətməyə yönəlməlidir. Məqsəd uşağın şəxsi sərhədlərini pozmaq deyil, ona təhlükəsiz davranmağı öyrətməkdir.
AAP də bütün uşaqlar üçün eyni saat limitindən çox, uşağın yaşına və ailənin şəraitinə uyğun “ailəvi media planı”nı və ekranın yuxunu, fiziki aktivliyi, dərsi və ailə ünsiyyətini sıxışdırmamasını önə çəkir.
Mən valideynlərə bir qaydanı xüsusilə tövsiyə edirəm: telefon uşağı sakitləşdirməyin əsas vasitəsi olmamalıdır. Uşaq hər darıxanda, ağlayanda və ya əsəbiləşəndə əlinə telefon verilirsə, zamanla öz emosiyasını özü tənzimləməyi öyrənmək əvəzinə sakitləşmək üçün xarici stimula ehtiyac duya bilər. AAP də medianın uşağı sakitləşdirməyin yeganə üsuluna çevrilməməsini tövsiyə edir.
Evdə yemək masasında, dərs zamanı, yataq otağında və yatmazdan əvvəl telefon üçün aydın sərhədlərin olması faydalıdır. Amma burada valideynin öz davranışı da böyük rol oynayır. Uşağa “telefonu qoy” deyib özümüz bütün axşam telefona baxırıqsa, verdiyimiz sözlə göstərdiyimiz nümunə bir-birinə uyğun gəlmir.
Mənim fikrimcə, məqsəd uşağı texnologiyadan uzaq böyütmək deyil. Müasir dünyada bu, nə realdır, nə də zəruridir. Məqsəd uşağa telefonu idarə etməyi öyrətməkdir ki, bir müddətdən sonra telefon uşağı idarə etməsin.
Bunun üçün isə ən güclü vasitə qadağa deyil, düzgün sərhəd, valideyn nümunəsi, keyfiyyətli alternativ fəaliyyət və uşaqla qurulan sağlam ünsiyyətdir”, – deyə Almara Ağaqızı fikrini tamamlayıb.

