Bakıda yol qəzası zamanı sürücünün halı pisləşərək sükan arxasında dünyasını dəyişməsi diqqət çəkib. İlkin məlumata görə, sürücünün ürək tutmasından öldüyü bildirilir. Belə hallar nəqliyyat vasitəsini idarə edən şəxsin səhhətinin qəfil pisləşməsi ilə bağlı ciddi suallar yaradır.
Bəs insanın sükan arxasında qəfil halının pisləşməsinə və ölümünə hansı amillər səbəb ola bilər? Ürək tutması hansı hallarda qəfil baş verir və belə riskləri əvvəlcədən müəyyən etmək mümkündürmü?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söyləyib ki, hər bir xəstəliyin və təcili vəziyyətin müəyyən prediktorları, yəni əvvəlcədən özünü göstərən əlamətləri olur:
"Ürək xəstəliyi də adətən birdən-birə baş vermir. Şəxsin ürəyində mütəmadi sıxıntılar, ağrılar, gəzərkən başgicəllənmə, yüksək qan təzyiqi və digər əlamətlər ola bilər. Lakin insan bunlara əhəmiyyət vermir. Nəticədə qan təzyiqi kəskin şəkildə yüksəlir, ürəyin işemiyasına, ürək tutmasına, infarkta, hətta insulta gətirib çıxara bilir. Bundan başqa, aşağı ətraf venalarında yaranan tromblar da kifayət qədər çoxdur və insanlar buna əhəmiyyət vermirlər. Halbuki bunlar sonradan tromboemboliyaya səbəb ola bilər".
Professor bildirib ki, sürücülərə sağlamlıq haqqında tibbi arayışın verilməsinin məqsədi də məhz budur:
"İnsanlar öz sağlamlıqlarına diqqət etməlidirlər. Evdə infarkt və ya insult keçirən xəstələri araşdıranda görürsən ki, onların böyük əksəriyyəti vaxtında özünə fikir verməyib. Xəstəlik tədricən inkişaf edib, qan təzyiqi yüksəlib, insan buna öyrəşib və nəhayət, vəziyyət kritik həddə çataraq ağır, hətta ölümcül fəsadlarla nəticələnib.
Sükan arxasında oturan şəxs ən azı həmin gün özünü yaxşı hiss etdiyinə əmin olmalıdır. Əgər onun yanaşı xəstəlikləri varsa, sükan arxasında oturmasının nə dərəcədə təhlükəli olduğunu həkim müəyyən etməlidir. Yüksək qan təzyiqi ilə gəzmək olmaz, onu daim normada saxlamaq lazımdır. Araşdırmalara görə, ürək tutmaları və insultların böyük əksəriyyətində əsas risk faktorlarından biri məhz yüksək qan təzyiqidir. Ürək-damar problemləri olan şəxslərin sükan arxasında oturması da məqsədəuyğun deyil. Bu baxımdan insanlar öz sağlamlıqlarını və mövcud xəstəliklərini nəzərə almalıdırlar".

