Texnologiya

Kiçik, lakin güclü: İlin ən yaxşı kompakt smartfonları açıqlandı

Kiçik, lakin güclü: İlin ən yaxşı kompakt smartfonları açıqlandı

Böyük ekranlı smartfonlar bazarda üstünlük təşkil etsə də, bir əllə rahat istifadə olunan kompakt modellər də populyarlığını qoruyur.

Demokrat.az xəbər verir ki, "Android Central" 2026-cı ildə diqqətəlayiq olan 6 kompakt smartfonun siyahısını hazırlayıb. Siyahıya əsasən ekran ölçüsü 6,3 düymədək olan cihazlar daxil edilib.

Ekspertlərin siyahısında ilk sırada "Samsung Galaxy S26" yer alıb. 167 qram ağırlığında və 7,2 millimetr qalınlığında olan smartfon 6,3 düymlük AMOLED ekranla təchiz edilib. Modelin yüksək performansı və uzunmüddətli proqram təminatı dəstəyi əsas üstünlükləri sırasında göstərilir.

Daha münasib qiymətə kompakt telefon axtaranlar üçün "Google Pixel 10a" tövsiyə olunub. Smartfon 120 Hz tezlikli 6,3 düymlük ekran, uzun batareya ömrü və 48 meqapiksellik əsas kamera ilə seçilir.

Siyahıda "Samsung Galaxy Z Flip 8" də yer alıb. Qatlana bilən model açıq vəziyyətdə 6,9 düymlük ekrana, qatlandıqda isə 4,1 düymlük daha kompakt formaya malikdir. Telefon Galaxy S26-da istifadə olunan prosessorla təchiz edilib.

Ekspertlər həmçinin "Samsung Galaxy S25" modelini əvvəlki nəslin ən yaxşı kompakt flaqmanlarından biri kimi qeyd ediblər. Cihaz üçlü kamera sistemi, IP68 qorunması və uzunmüddətli yeniləmə dəstəyi ilə diqqət çəkir.

Siyahıya "Google Pixel 11" də daxil edilib. Bu model süni intellekt imkanları və fotoçəkiliş xüsusiyyətləri ilə fərqlənir. Smartfonda Tensor G6 prosessoru, 12 GB operativ yaddaş və 256 GB daxili yaddaş təklif olunur.

Altıncı pillədə isə "Motorola Razr 2026" qərarlaşıb. Qatlana bilən smartfonun əsas üstünlüyü münasib qiymətlə müasir ekran texnologiyasını birləşdirməsi kimi göstərilir.

Beləliklə, ekspertlərin seçiminə görə 2026-cı ildə kompakt smartfon seqmentində həm klassik, həm də qatlana bilən modellər istifadəçilərə müxtəlif seçimlər təqdim edir.

Jalə

JD
Jalə Davud