İnfrastruktur

Yalçın Rəfiyev: "TRIPP" Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsində mühüm rol oynayacaq

Yalçın Rəfiyev: TRIPP Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsində mühüm rol oynayacaq

"Tramp Marşrutu" (TRIPP) Cənubi Qafqaz iqtisadiyyatına yeni təkan, sülhün möhkəmlənməsinə isə töhfə vermək iqtidarında olan əhəmiyyətli layihədir.

Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunmuş yeddinci illik Xəzər Biznes Forumunda bildirib.

"TRIPP təkcə Cənubi Qafqaz regionu ölkələrinə iqtisadi dəstək verməklə və kommersiya dəyəri yaratmaqla kifayətlənməyəcək. TRIPP həm də regionda sülhün bərqərar olmasına, eləcə də bütün ölkələr üçün ümumi maraqların formalaşmasına kömək edən təşəbbüsün daha bir nümunəsi olacaq mühüm layihədir", - deyə Y.Yəfiyev "Orta Dəhlizə investisiyalar: yeni TRIPP layihəsi region üçün nə deməkdir?" adlı panel sessiyasında çıxış edərkən bildirib.

Nazir müavini qlobal ticarət marşrutlarında yaranan fasilələr şəraitində etibarlı regional qarşılıqlı əlaqənin artan əhəmiyyətinə diqqət çəkib: "Azərbaycan üçün səmərəli regional əlaqələr daha qısa və proqnozlaşdırıla bilən marşrutlar, daha dayanıqlı təchizat zəncirləri, bazarlara çıxışın yaxşılaşdırılması və əlbəttə ki, ticarət və investisiyalar üçün yeni imkanlar deməkdir".

O, həmçinin Azərbaycanın infrastrukturun inkişafına, o cümlədən Bakı Limanına, Ələt Azad İqtisadi Zonasına və modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yoluna yatırdığı investisiyaları xatırladıb.

Y.Rəfiyevin sözlərinə görə, fiziki infrastrukturun inkişafı sərhəd prosedurlarının səmərəliliyinin artırılması və gömrük sistemlərinin rəqəmsallaşdırılması ilə müşayiət olunmalıdır.

Forumda həmçinin "Caspian Policy Center"in icraçı direktoru Əfqan Nifti də çıxış edib. O, son bir ildə Xəzər regionunda baş verən əhəmiyyətli dəyişiklikləri, həmçinin Asiya və Avropanı birləşdirən ticarət və nəqliyyat marşrutu kimi Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) artan rolunu qeyd edib.

"Dəhlizin öz potensialını tam olaraq aça bilməsi üçün o, getdikcə daha çox vahid inteqrasiya olunmuş sistem kimi - razılaşdırılmış sərhəd prosedurları, əlaqələndirilmiş limanlar və dəmir yolları, eləcə də rəqəmsal sənədləşmə ilə fəaliyyət göstərməlidir. İndi məsələ sadəcə olaraq daha çox infrastruktur qurmaq deyil, bütün dəhlizi biznes üçün daha sürətli, daha etibarlı etməkdir", - o bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Piter Andreoli, öz növbəsində, TRIPP-i əlaqələrin inkişafı məsələsində Birləşmiş Ştatların region ölkələri ilə qarşılıqlı fəaliyyətinin yeni modeli adlandırıb. Onun sözlərinə görə, "Tramp Marşrutu" daha geniş Orta Dəhlizin mühüm həlqəsi ola bilər: "TRIPP təşəbbüsü ABŞ və regional tərəfdaşların regional qarşılıqlı əlaqələrin inkişafına yanaşmasının dəyişməsini özündə əks etdirir".

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Mark Kemeron vurğulayıb ki, Vaşinqtonun regiona marağı olduqca yüksək səviyyəyə çatıb. O həmçinin, Qazaxıstan və Azərbaycanı birləşdirən Transxəzər fiber-optik kabelinin çəkilməsinin başa çatmasını alqışlayıb. Daha geniş kontekstdə Kemeron ABŞ və Mərkəzi Asiya ölkələri arasında ikitərəfli kommersiya əlaqələrinin inkişafını qeyd edib.

Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya isə Orta Dəhlizi sadəcə alternativ ticarət marşrutu deyil, Avrasiya nəqliyyat əlaqələri arxitekturasının ən mühüm komponenti kimi xarakterizə edib.

Qazaxıstan Prezidentinin ABŞ ilə danışıqlar üzrə nümayəndəsi Yerjan Kazıxan bu ölkənin Orta Dəhlizə verdiyi strateji əhəmiyyəti vurğulayıb və TRIPP-in Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirmək üçün yarada biləcəyi əlavə imkanları qeyd edib.

Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov qeyd edib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri üçün nəqliyyat əlçatanlığı mühüm məsələdir: "Nəqliyyatın əlçatanlığı iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə, biznesin aparılması xərclərinə, investisiya cəlb etmək qabiliyyətimizə və Qırğızıstan şirkətlərinin dünya bazarlarına çıxışına birbaşa təsir edir".

Tədbirdə çıxış edən konqresmen Abraham Hamadeh isə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və TRIPP layihəsinin reallaşdırılması sayəsində açıla biləcək iqtisadi imkanları qeyd edib: "Möhkəm sülh sərhədləri aça, icmalar arasında əlaqələri bərpa edə, ticarəti genişləndirə, yeni imkanlar yarada, gənc nəslin öz qonşularını münaqişələr və müharibələr vasitəsilə deyil, ticarət və əməkdaşlıq yolu ilə tanımasına imkan verə bilər". (report)

JD
Jalə Davud