Şou-biznes

Kadir İnanırın miras qalmaqalı böyüyür - Bacısı oğlanlarından açıqlama

Kadir İnanırın miras qalmaqalı böyüyür - Bacısı oğlanlarından açıqlama

Türkiyənin məşhur aktyoru Kadir İnanırın ailəsində miras məsələsi ilə bağlı müzakirələr davam edərkən onun bacısı oğulları açıqlama veriblər.

Demokrat.az xəbər verir ki, aktyorun sağ olan yeganə qardaşı Reşit İnanırın oğlu Fırat İnanır tikinti sahəsində işləyərkən görüntülənib. Uzun illərdir layihə işləri ilə məşğul olduğu bildirilən Fırat İnanır miras və vəsiyyət məsələləri ilə maraqlanmadığını bildirib.

"Onun kimi böyük sənətkarın bacısı oğlu olmaq mənə kifayətdir", deyə o, Kadir İnanıra olan sevgisini ifadə edib.

Kadir İnanırın digər bacısı oğulları Cevahir və Hüseyn Önder də məsələ ilə bağlı münasibət bildiriblər. Onlar "Terzi Fikri" tamaşasından əvvəl jurnalistlərin suallarını cavablandıraraq miras mübahisəsinin səhnə əsərlərinin önünə keçməsini istəmədiklərini söyləyiblər.

Cevahir Önder məsələnin ailə daxilində olduğunu vurğulayıb: "Bu, ailə məsələsidir. Hər kəsin öz haqqıdır. Bizim orada olmağımızın səbəbi hüquqi vəzifəmizi yerinə yetirmək idi. Bütün ailə gedirdi, biz də getdik. Amma məsələ başqa istiqamətlərə çəkildi. Açığı, bizi maraqlandırmır".

Qardaşlar ailə tərbiyələrinə uyğun olaraq Kadir İnanırın həyat yoldaşı Jülide Kural-a hörmət etdiklərini də bildiriblər. Cevahir Önder aktyorun digər qohumu Levent İnanırın sərt reaksiyasını isə ani emosional cavab kimi qiymətləndirib.

Önder qardaşlar gələcəkdə Kadir İnanırın həyatını da teatr səhnəsinə gətirmək istədiklərini açıqlayıblar. Bunun üçün ailədən icazə almalı olduqlarını deyən Cevahir Önder, razılıq verilməyəcəyi halda belə bir tamaşanı səhnələşdirməyəcəklərini bildirib.

Hazırda isə onların əsas diqqəti "Terzi Fikri" tamaşasındadır. Fatsa şəhərinin keçmiş bələdiyyə sədri Fikri Sönmezin həyatından bəhs edən tamaşa ilə bağlı qardaşlar qarşıdakı həftə Fatsada iki nümayiş keçirəcəklərini və ilk gün üçün biletlərin artıq tükəndiyini qeyd ediblər.

Hüseyn Önder tamaşanın yalnız keçmişdə baş verən hadisələrdən bəhs etmədiyini deyib. Onun sözlərinə görə, əsər həm də bu günün vicdanına və cəsarət anlayışına toxunur.

Jalə

JD
Jalə Davud