Bərdə rayonunda 61 yaşlı kişi gəlininə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonunun kəndlərindən birində baş verib. 1965-ci il təvəllüdlü Loğman kənddə yerləşən fərdi yaşayış evində gəlini Lətafətlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qayınata gəlinin baş nahiyəsinə və sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Loğmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Loğman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edildiyini qeyd edib.
Zərərçəkmiş şəxs də ifadəsində qayınatası ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Bərdə Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

