İsmayıllı rayonunda 55 yaşlı kişi çay evində həmyerlisinə ağır xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayonunun Quşencə kəndində baş verib. 1971-ci il təvəllüdlü Arif sərxoş vəziyyətdə kənddə yerləşən Kamalın icarə əsasında işlətdiyi çayxanaya gəlib.
İstintaq sənədlərinə görə, Arif kafedə digər müştərilərin gözü qarşısında yüksək səslə nalayiq ifadələr işlədib, orada olan şəxslərin istirahətinə mane olub. Həmin gün saat 22 radələrində çayxanada olan şəxslərin çağırışı ilə onu sakitləşdirmək üçün çayxanaya gələn Kamal ona irad tutaraq kafedən getməsini bildirib.
Bu zaman Arif Kamal ilə söz mübahisəsi edərək öz hərəkətlərini davam etdirib və birlikdə çayxanadan çölə çıxaraq təqribən 50 metr aralaşıblar. Sonra Arif Kamalın ona irad tutmasını cüzi səbəb kimi bəhanə edib və heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədərək özündə olan bıçaqla qəflətən onun sifət nahiyəsindən bir dəfə vurub.
Arifin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Arif ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Kamalın işlətdiyi kafeyə gedərək orada siqaret çəkib:
"Kamal yaxınlaşaraq kafedə siqaret çəkməyə icazə olmadığını bildirdi. Mən də kafedən bayıra çıxdım. Həmin vaxt spirtli içki qəbul etdiyim üçün sərxoş vəziyyətdə olduğumdan Kamal məni evə yola salmaq istədi. Həmin vaxt aramızda çəkişmə oldu. Mən Kamalı vuranda avtomobilin açarı onun üzünə dəydi. Bundan sonra oradan getdim. Təxminən bir saat sonra polis əməkdaşları yaşadığım evə gələrək məni polis şöbəsinə apardılar".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt ümumiyyətlə söyüş söyməyib:
"Hadisə günü evdə 300 qram spirtli içki qəbul etmişdim. Ardınca da kafedə bir-iki bakal pivə içmişdim. Kafeyə gedərkən Kamal orada olmayıb. Kamalı sonradan çağırdılar. Kamalı mən kafedə hər hansı narahatçılıq yaratdığıma görə çağırmayıblar. Kamal məndən siqaret çəkməməyimi istədi və buna görə aramızda mübahisə yarandı. Kamal gələnə qədər kafedə siqaret çəkməmişəm. O, gəldikdən sonra siqaret çəkmişəm. Həmin vaxt üzərimdə bıçaq olmayıb. Mübahisə çayxanadan çöldə baş verib. Həmin vaxt əlimdə açar olub. Mən bilmədən həmin açarla Kamala xəsarət yetirmişəm. Brelokda həm avtomobilin açarı, həm də dırnaq tutan olub. Açar "VAZ-2106" markalı avtomobilin açarı olub. Ola bilər ki, Kamalın üzünə dırnaq tutan dəyib. Həmin vaxt Kamalın üz nahiyəsindən qan gəldiyini görməmişəm. Əgər görsəydim, özüm onu xəstəxanaya aparardım. Hadisə vaxtı huşum özündə olub, özümü idarə edə bilmişəm".
Təqsirləndirilən şəxs deyib ki, məhkəmə-tibbi ekspertizanın rəyi ilə razı deyil, zərərçəkmiş şəxsin üzündəki xəsarət izi silinməz deyil.
İş üzrə zərərçəkmiş Kamal ifadəsində göstərib ki, İsmayıllı rayonunun Quşencə kəndində kafe işlədir:
"Hadisə baş verən gün kafedə olan Vasif adlı müştəri zəng edərək Arifin kafenin daxilində siqaret çəkmək qadağasına riayət etməyərək qapalı məkanda siqaret çəkməsi və içkili vəziyyətdə söyüş söyməsi barədə məlumat verdi. Həmin vaxt başqa yerdə olmuşam və olduğum yerdən kafeyə getmişəm. Ariflə söhbət edərək qapalı məkanda siqaret çəkməyin qadağan olduğunu, kiçik kabinetdə siqaret çəkə biləcəyini bildirdim. Amma o, sözlərimi düzgün anlamadı və içkili olduğuna görə mənə xəsarət yetirdi. Arif iki dəfə məni vurmağa cəhd etdi, ikinci dəfə cəhdi baş tutdu. Hansısa bir cismin üzümü cızdığını hiss etdim. Səhv etmirəmsə, o, mənə açarla xəsarət yetirib. Xəsarətlə bağlı xəstəxanada mənə sağalacağımı və daha sonra əməliyyat olunacağımı bildirdilər".
Zərərçəkmişin bildirdiyinə görə, hadisə çayxanadan təxminən 100 metr aralıda baş verib:
"Ariflə çölə çıxandan sonra heç kim arxamızca gəlməyib. O, sərxoş olduğundan ayaq üstə dayana bilməyərək aşdığı üçün onu evinə göndərmək istəmişəm. Arif yerə yıxılanda onu yerdən qaldırmışam. Həmin zaman Arif əlindəki açarla mənə iki dəfə xəsarət yetirməyə çalışdı və ikinci dəfədə zərbə üzümə dəydi. Biz bir-birimizə qarşı nalayiq ifadələr işlətməmişik, bir-birimizi təhqir etməmişik".
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsinə dəyişdirilməsini, onların barışdıqlarını nəzərə alaraq təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş edib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

