Fransada hazırlanan qırmızı qarağat mürəbbəsi istehsal üsuluna görə dünyanın ən bahalı mürəbbələrindən biri hesab olunur. Məhsulun bir kiloqramının qiyməti 200 avronu keçə bilir.
Demokrat.az xəbər verir ki, "Libertatea"nın məlumatına görə, mürəbbəni Fransanın Meuz regionunda yerləşən Bar-le-Dük şəhərində fəaliyyət göstərən ailə şirkəti "Maison Dutriez" hazırlayır. Burada 400 ildən artıqdır qorunan ənənəvi üsuldan istifadə olunur.
Məhsulun əsas özəlliyi qarağat dənələrinin toxumlarının hər giləmeyvədən ayrıca çıxarılmasıdır. Bu proses tamamilə əl ilə və qaz lələyi vasitəsilə həyata keçirilir. Giləmeyvənin bütövlüyü qorunur və daha sonra şəkər şərbətinin içərisində saxlanılır.
Şirkətin nümayəndəsi Ann Dutriez bildirib ki, digər istehsalçılar əsasən jele hazırlayır, onların məhsulunda isə meyvə bütöv şəkildə qalır. O, bu üsulu uşaqlıqdan öyrəndiyini və ailə ənənəsini davam etdirdiyini söyləyib.
Mürəbbənin hazırlanması olduqca çox vaxt və səbr tələb edir. Hər bir giləmeyvənin ayrıca təmizlənməsi məhsulun istehsal həcminin məhdud olmasına da səbəb olur.
Məlumata görə, kiçik emalatxanada il ərzində cəmi 5 minə yaxın banka mürəbbə hazırlanır. Məhsullar dünyanın müxtəlif ölkələrinə göndərilir.
Məhdud istehsal, əl əməyinin çoxluğu və 400 ildən artıq tarixə malik ənənəvi texnologiya bu mürəbbənin yüksək qiymətinin əsas səbəbləri kimi göstərilir.
Jalə

