Dövlət Vergi Xidmətinin məlumatına görə, POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizi müəyyən hallarda ƏDV tutulan dövriyyədən çıxılır. Bu yanaşmanın sahibkarların vergi öhdəliklərinə və nağdsız ödənişlərin genişlənməsinə təsiri müzakirə olunur.
Bəs bu güzəşt sahibkarların vergi yükünü və nağdsız ödənişlərə marağını necə dəyişə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Kənan Quluzadə bildirib ki, dövlət vergi güzəşti hesabına nağdsız iqtisadiyyatı təşviq edir.

Onun sözlərinə görə, sahibkar daha az vergi yükü daşıyır, dövlət isə qarşılığında daha şəffaf və izlənilə bilən dövriyyə əldə edir:
"Uzunmüddətli perspektivdə bu, həm biznesin leqallaşmasına, həm də vergi bazasının genişlənməsinə xidmət edə bilər. Bu dəyişiklik sahibkar üçün iki istiqamətdə müsbət təsir yaradır. Vergi yükünü azaldır və nağdsız ödənişi iqtisadi baxımdan daha sərfəli edir.
Məsələn, ictimai iaşədə 2026-cı ildən 3 il müddətinə POS-terminal vasitəsilə formalaşan dövriyyənin 50 faizi ƏDV tutulan ümumi dövriyyədən çıxarılır.
Məncə, əsas effekt təkcə sahibkarın daha az vergi ödəməsi ilə məhdudlaşmır. Sahibkarın özü müştərini kartla ödəniş etməyə yönəltməkdə maraqlı olur. Bu isə nağd pul dövriyyəsini azaldır, əməliyyatların şəffaflığını artırır və kölgə iqtisadiyyatının daralmasına şərait yaradır".

