Türkiyənin məşhur "Kurtlar Vadisi" serialı ilə bağlı illər sonra diqqətçəkən açıqlama səsləndirilib.
Demokrat.az xəbər verir ki, serialda "Abidin" obrazını canlandıran aktyor Abidin Yerebakan "A Haber"ə müsahibəsində layihənin çəkilişləri zamanı baş verən maraqlı hadisələrdən danışıb.
O bildirib ki, həmin illərdə serialda nümayiş etdirilən bəzi hadisələrlə real həyatda baş verənlər arasında diqqətçəkən oxşarlıqlar olub. Aktyorun sözlərinə görə, çəkiliş heyəti bunun səbəbini həmin vaxt tam anlamayıb.
"Biz o dövrdə ümumi mənzərəni görə bilmirdik. Osman Sınavın serialdan ayrılması hamımız üçün gözlənilməz oldu. Ekranda hadisələri izləyirdik, üç gün sonra isə həmin hadisələrin oxşarını real həyatda yaşayırdıq", - deyə Yerebakan bildirib.
"Kurtlar Vadisi" bu dəfə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada baş verən ölümü ilə bağlı aparılan araşdırmalar fonunda yenidən gündəmə gəlib.
İstintaq çərçivəsində serialın ssenaristləri Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində ifadə veriblər. Bundan başqa, "Kazım Kaşifoğlu" obrazını canlandıran Sedat Savtak və "Ömer Baba" rolunun ifaçısı Emin Olcayın da ifadələri araşdırmaya daxil edilib.
Araşdırmalar zamanı serialdakı bəzi obraz və hadisələrlə real həyatda Kaşif Kozinoğlu ətrafında baş verənlər arasında mümkün əlaqələr məsələsi də yenidən müzakirəyə çıxarılıb.
Jalə

