Danimarkanın 2003-cü ildə qida məhsullarında sənaye mənşəli trans yağların miqdarını məhdudlaşdırmasından sonra ölkədə ürək-damar xəstəlikləri ilə bağlı ölüm hallarının azaldığı bildirilib.
Demokrat.az xəbər verir ki, bu barədə aparılan araşdırmaların nəticələrinə istinadən məlumat yayılıb.
Trans yağlar əsasən bitki yağlarının sənaye üsulu ilə emalı zamanı yaranır. Onlar "pis" xolesterin kimi tanınan LDL səviyyəsini artırır, "yaxşı" HDL xolesterinin səviyyəsini isə azalda bilər. Bu isə ateroskleroz və ürək-damar xəstəlikləri riskinin yüksəlməsi ilə əlaqələndirilir.
Danimarka 2003-cü ildə qida məhsullarında sənaye mənşəli trans yağların miqdarını 100 qram yağ üçün maksimum 2 qramla məhdudlaşdıran ilk ölkə olub.
Araşdırmalara əsasən, məhdudiyyətin tətbiqindən sonrakı ilk üç ildə Danimarkada ürək-damar xəstəliklərindən ölüm halları digər İƏİT ölkələri ilə müqayisədə hər 100 min nəfərə orta hesabla 14,2 hal azalıb. 2004-2012-ci illərdə fərqin ildə 100 min nəfərə 22 ölümə çatdığı qeyd edilir. Həmçinin infarkt və insult kimi xəstəliklərin sayında da azalma müşahidə olunub.
Trans yağlar əsasən qənnadı məmulatlarında, hazır xəmir məhsullarında, kremlərdə, bəzi qəlyanaltılarda və fast-food məhsullarında istifadə edilən qismən hidrogenləşdirilmiş yağlarda olur. Mütəxəssislər məhsulun tərkibində "qismən hidrogenləşdirilmiş" və ya "qismən bərkidilmiş bitki yağları" ifadələrinə diqqət yetirməyi tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı trans yağların gündəlik enerji qəbulunun 1 faizindən azını təşkil etməsini tövsiyə edir. Onların həddindən artıq istehlakı metabolik pozuntular, iltihab və 2-ci tip diabet riski ilə də əlaqələndirilir.
Jalə

