İdman

Türkiyənin 4 böyük klubu 3 komandaya 222 milyon avro ödəyib

Türkiyənin 4 böyük klubu 3 komandaya 222 milyon avro ödəyib

Türkiyənin "4 böyük" klubu – "Beşiktaş", "Fənərbağça", "Qalatasaray" və "Trabzonspor" son 5 ildə transferlərə külli miqdarda vəsait xərcləyib.

Demokrat.az xəbər verir ki, "Hurriyet"in "Transfermarkt" məlumatları əsasında apardığı hesablamaya görə, bu klublar xüsusilə üç Avropa komandasına – "Napoli", "Benfika" və "Marsel"ə böyük ödənişlər edib.

"Napoli" 83 milyon avro ilə siyahıda ilk sırada qərarlaşıb. Bu məbləğin əsas hissəsi "Qalatasaray"ın Viktor Osimhen üçün ödədiyi 75 milyon avroluq transfer haqqının payına düşür. Bundan başqa, İstanbul təmsilçisi Noa Lanqın icarəsi üçün 2 milyon avro, "Fənərbaxça" isə Romelu Lukakunun transferinə görə 6 milyon avro ödəyib.

İkinci yerdə "Benfika" qərarlaşıb. Türkiyənin 4 böyük klubu Portuqaliya təmsilçisindən 6 futbolçu transferi üçün ümumilikdə 78,5 milyon avro ödəyib. Bu siyahıda Gedson Fernandes, Orkun Kökçü, Joao Mario, Kerem Aktürkoğlu, Sidny Kabral və Haris Seferoviç yer alır.

Üçüncü pillədə isə "Marsel" var. Fransa klubuna son 5 ildə 65,5 milyon avro ödənilib. "Fənərbaxça" Cengiz Ünder, Luan Peres, Bartuğ Elmaz və Meyson Qrinvudun transferləri üçün ümumilikdə 60,63 milyon avro xərcləyib. "Beşiktaş" isə Amir Mürillonu 5 milyon avroya heyətinə qatıb.

Klublar üzrə ən böyük ödənişlər belə sıralanır:

* "Fənərbaxça" – "Marsel" 60,63 milyon, "Latsio" 28 milyon, "Benfika" 22,5 milyon avro;

* "Beşiktaş" – "Benfika" 48 milyon, "Arsenal" 18 milyon, "Vulverhempton" 18 milyon avro;

* "Qalatasaray" – "Napoli" 77 milyon, "Milan" 44 milyon, "Monako" 31,77 milyon avro;

* "Trabzonspor" – "Midtjylland" 32 milyon, "Şaxtyor Donetsk" 12 milyon, "Vitoriya Gimaraynş" 11,5 milyon avro.

Jalə

JD
Jalə Davud