Özəl

Banklarda vəsait bolluğu: Kredit faizləri ucuzlaşacaq?

Banklarda vəsait bolluğu: Kredit faizləri ucuzlaşacaq?

Bank sektorunda izafi likvidliyin 6,3 milyard manata çatması maliyyə bazarında diqqət çəkən göstəricilərdən biridir. AMB-nin məlumatına görə, likvidlik profisiti ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.

Bəs banklarda izafi vəsaitlərin bu qədər artması kredit faizlərinə və bankların kredit vermə aktivliyinə necə təsir edə bilər?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, bank sektorunda struktur likvidlik profisitinin 6,3 milyard manata çatması və bunun 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artması bankların kreditvermə potensialının xeyli yüksəldiyini göstərir.

Banklarda vəsait bolluğu: Kredit faizləri ucuzlaşacaq?

Onun sözlərinə görə, AMB-nin məlumatına görə, eyni dövrdə banklararası AZIR faizi də ilin əvvəlindən cüzi dərəcədə azalıb ki, bu da artıq vəsaitin pul bazarında ucuzlaşdığını göstərir:

"İzafi likvidlik kommersiya banklarını vəsaitlərini AMB-də saxlamaq əvəzinə real iqtisadiyyata yönəltməyə təşviq edir. Nəticədə, KOB və istehlak kreditlərinin həcmi arta bilər, banklar kredit portfellərini genişləndirməyə daha həvəsli olar, banklararası bazarda borclanma ucuzlaşdığı üçün maliyyələşmə imkanları yaxşılaşar. Amma bu o demək deyil ki, kredit faizləri enəcək. İzafi likvidlik zəruri şərtdir, amma kifayət şərt deyil.

Azərbaycanda kredit faizlərinin enməsi əsasən üç amildən asılıdır. AMB-nin pul siyasəti, uçot dərəcəsi və likvidliyin idarə olunması bankların resurs dəyərinə təsir edir. Kommersiya banklarının risk siyasəti: problemli kredit riski yüksək qiymətləndirilirsə, banklar ucuz resursa baxmayaraq faizləri aşağı salmaya bilər. Kreditə tələb və banklar arasında rəqabət də mühüm amildir. Banklar müştəri cəlb etmək üçün rəqabəti artırdıqda, faizlər daha çox yumşalır.

6,3 milyard manatlıq izafi likvidlik banklarda vəsait bolluğu yaradır. Lakin bu, avtomatik olaraq kredit faizlərinin enməsi demək deyil. Son qərarı Mərkəzi Bankın pul siyasəti və kommersiya banklarının risk və kredit strategiyası müəyyən edir."

Mövzu ilə bağlı saytımıza açıqlama verən iqtisadçı Günay Hüseyinova isə bildirib ki, ümumilikdə, izafi likvidliyin artması kredit portfelində 12,5 faizlik artıma səbəb olub.

Onun sözlərinə görə, izafi likvidliyin artması o demək deyil ki, sadəcə kreditlərin həcmi artacaq və yaxud kredit portfeli genişləndiriləcək:

"Təbii ki, milli valyutanın dəyərinin qorunub saxlanılması məqsədilə bankların kredit portfeli genişləndirilir. Yəni artan likvidlik kreditə yönəldilir ki, pul kütləsi daha da artmasın, inflyasiya sürətlənməsin və milli valyuta dəyərdən düşməsin.

Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini hələlik 5 faiz səviyyəsində saxlayıb. Bu da, təbii ki, sektora təsirsiz ötüşmür. Sadəcə, balansı qorumaq məqsədilə aşağı hədd 5 faiz səviyyəsində saxlanılır.

Düşünürəm ki, likvidliyin, xüsusilə də izafi likvidliyin artması banklarda kreditləşmə məsələsində rəqabət mühitini genişləndirəcək. Bu, faizlərin aşağı enməsinə də təsir göstərə bilər. Lakin bir məsələ də var ki, əhalinin ödəmə qabiliyyəti, gəlirləri və xüsusilə problemli kreditlər və onların həcmi də nəzərə alınmalıdır.

Əks təqdirdə, əgər kredit faizlərinin kəskin şəkildə aşağı salınması və güzəştli kreditlərin həcminin artırılması, eləcə də növündən asılı olmayaraq vətəndaşlara kredit verilməsi şərtlərinin bir qədər asanlaşdırılması nəticəsində ödəmə qabiliyyəti ilə bağlı çətinliklər yaranarsa, bu, likvidlik balansının pozulmasına gətirib çıxara bilər.

Lakin qeyd etdiyim kimi, ümumi məcmuda avqust ayında 12,5 faizlik artım varsa, bu, kreditləşmə şərtlərində müəyyən güzəştlərin yarandığını göstərir. Hazırkı mühit orta və uzunmüddətli dövrdə davam edərsə, aylıq göstəricilərə də nəzər salmaq lazımdır. Bu, ümumiyyətlə, kreditlərin verilməsi üçün əlverişli mühit formalaşdıra bilər.

Hər kəsə kredit veriləcək və yaxud bütün banklar faiz dərəcələrini aşağı endirəcək. Əhalinin gəlirləri və ödəmə qabiliyyətindən asılı olaraq şərtlər dəyişə bilər.

Məncə banklar arasında, xüsusilə kreditləşmə məsələsində rəqabət mühiti yaranacaq".