Cəmiyyət

Ətin bahalaşmasının səbəbləri açıqlandı

Ətin bahalaşmasının səbəbləri açıqlandı

Son bir neçə gündə paytaxtda mal ətinin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Həm sümüklü, həm də sümüksüz ətin kiloqramı bir-iki manat civarında bahalaşıb. Bildirilib ki, hazırda sümüklü mal ətinin qiyməti 19, sümüksüzün qiyməti isə 25 manatdır. Əvvəl isə sümüklü 18, sümüksüz 23 manat idi.

Ətin qiymətinin bahalaşmasının əsas səbəbləri nələrdir? Ətin bahalaşması paralel olaraq hansı digər məhsul və xidmətlərin qiymətlərinə təsir göstərə bilər?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, ət bazarında qiymət bahalaşması davam edir:

Ətin bahalaşmasının səbəbləri açıqlandı

"Bunun əsas səbəbləri arasında həm saxlanılan heyvanların sayının azalması, həm də qiymət artımına baxmayaraq tələbatın yüksəlməsi var. Son 10 ilin statistikasına baxanda görürük ki, saxlanılan xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz azalma var. İribuynuzlu heyvanların sayında da 5-6 faizlik azalma müşahidə olunur. Bu isə o kontekstdə baş verir ki, əhalinin ət tələbatı 25 faizə qədər yüksəlib. Yəni kəsilən ətin statistikasına baxanda görürük ki, son 10 ildə 25 faizlik artım var.

Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamağın da öz səbəbləri var. Boş otlaq sahələrinin azalması və heyvan saxlamağın bahalı bir prosesə çevrilməsi ev təsərrüfatlarının bu prosesdə rolunu azaldıb. İntensiv təsərrüfatlarda isə heyvan saxlama xərcləri daha yüksəkdir. Bu da ətin bahalaşmasının davam etməsinə gətirib çıxarır. Ətin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal idi. İdxalda və idxal edilən istiqamətlərdə ətin bahalaşması ona gətirib çıxarıb ki, ucuz idxal geniş deyil. Bu da ət bazarında yeni qiymət tarazlığının formalaşmasına səbəb olur. Əvvəllər ət bazarında Ukraynadan gələn ucuz ətlər mühüm rol oynayırdısa, indi Ukrayna-Rusiya müharibəsi də son illər ət bazarında qiymət bahalaşmasının əsas faktorlarından biridir. Həm Rusiyada, həm də Ukraynada ətin qiymətləri bahalaşıb, eyni zamanda logistika xərcləri də əvvəlki kimi deyil".

Xalid Kərimli söyləyib ki, bütün bu faktorlar, ucuz idxalın olmaması, idxalın bahalaşması, yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur:

"Bu artımın yaxın gələcəkdə də davam edəcəyinə dair proqnozlar formalaşır. Təbii ki, ətin bahalaşmasının müsbət aspekti də var. Bu, sahəni sahibkarlar üçün tədricən daha cəlbedici edir. Qiymətlərin artması və fəaliyyətin rentabelli olması sahibkarların getdikcə bu sahəyə daha çox maraq göstərməsinə gətirib çıxara bilər. Xəstəliklərin təsirinə gəlincə, təbii ki, xəstəliklərin yayılması bazara çıxarılan ət təklifinə ciddi mənfi təsir göstərir və qiymətlərin bahalaşmasına səbəb olur. Ölkədə yayılan dabaq xəstəliyinin hansı miqyasda olması və bunun ət bazarına çıxarılan təklifin həcminə necə təsir göstərəcəyi də qiymətlərin sonrakı gedişatına təsir edəcək. Amma burada əsas məsələ ondan ibarətdir ki, bu, qiymətartırıcı təsirdir. Yəni xəstəliklərin yayılması qiymətartırıcı faktor rolunu oynayır. Çünki xəstə heyvanlardan əldə olunan ətin bazara çıxarılması mümkün deyil və bu da təklifin azalmasına gətirib çıxarır".

FH
Fidan Hacızadə
Müxbir