Özəl

Həccə getmək bahalaşır — Səbəblər açıqlandı

Həccə getmək bahalaşır — Səbəblər açıqlandı

2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu bu gündən etibarən başlayır. Bildirilir ki, bu il zəvvarlar üçün Həcc paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin müəyyən qədər artması istisna edilmir.

Həcc ziyarətinin qiymətinin artması zəvvarların sayına və ziyarətə olan marağa necə təsir edə bilər? Ümumiyyətlə, Həcc ziyarətinin təşkilində qiymət artımına hansı amillər səbəb olur?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən dinşünas Yaşar Qurbanov bildirib ki, qiymətin müəyyən qədər artması ehtimalı da istisna deyil.

Onun sözlərinə görə, əvvəllər sistemdə 4 xidmət paketi mövcud idi və hər bir paket üzrə fərqli qiymətlər müəyyənləşdirilmişdi:

Həccə getmək bahalaşır — Səbəblər açıqlandı

"Ən ucuz paket isə 4-cü paket idi. Hazırda həmin paketin ləğv edilməsi ilə sistemdə 3 xidmət paketi qalıb. Bu dəyişiklik, təbii ki, qiymətlərə müəyyən qədər təsir göstərə bilər. Bundan əlavə, dünyada baş verən məlum hadisələr, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin sayının 4-dən 3-ə endirilməsi və yeni xidmətlərin əlavə edilməsi müəyyən qiymət artımlarını qaçılmaz edə bilər. Buna görə də əvvəlki dövrlə müqayisədə Həcc ziyarəti paketlərinin qiymətində müəyyən artımın olması mümkündür".

Qeyd edək ki, tələb olunan sənədlər bunlardır: ümumvətəndaş pasportu (pasportun etibarlılıq müddəti ən azı 1 il olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, ağ fonda çəkilmiş 5 sm × 5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil (qadınlar üçün tünd rəngli hicabda) və sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixindən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-dək Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında həyata keçiriləcək.

FH
Fidan Hacızadə
Müxbir