Qazaxıstanda Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyası yaradılıb.
Bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib.
Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin akimi (meri), Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin nümayəndələri, Baş hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil edilib.
Qazaxıstanın Baş naziri Oljas Bektenov komissiyanın sədri - Baş nazirin müavini Kanat Bozumbayevə hadisə yerinə yollanmağı və hərbçilərin həlak olması səbəblərinin hərtərəfli araşdırılması üçün işə başlamağı tapşırıb.
Bundan başqa, komissiyaya həlak olanların ailələrinə yardım göstərməklə bağlı tapşırıq verilib.
***13:06
Xəzər dənizində təlimlər zamanı Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin 9 hərbçisi həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim zamanı dənizə atılan 19 hərbçidən 9-u həlak olub, 3-ü xilas edilib.
Hadisə Manqistau vilayətində hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi səbəbindən baş verib.
Hadisə yerinə xilasedicilər cəlb olunub, axtarışlar davam edir.

