Alı Mustafayev öldürüləcəklərini bilirdi..

GÜNDƏM 20 noy 2021, 23:34
Qarakənd müəmması

“Xəbərlər“in (o zaman “Günün Ekranı”) Ənvər Qafarlı kimi zabitəli baş redaktorunun qarşısında sözlə dirəniş göstərmək, hətta bəzən onunla “baş-başa” gəlmək heç də asan iş deyildi. Çünki o, sıradan bir jurnalist deyildi, istedalı və həm də qətiyyətli idi.

“Gənclik” baş redaksiyasının ştatdankənar müxbirliyindən Az.Tv-nin ağır artreliyası hesab olunan “Xəbərlər”ə redaktor olaraq işə qəbul olunmağım məhz, onun sayəsində mümkün oldu. O zaman Dövlət televiziyasında, xüsusən də “Xəbərlər”də hətta ştatdankənar müxbir olaraq fəaliyyət göstərmək çox müşkil məsələ idi. “Yuxarılara” bağlılıq, bir illik sınaq müddəti və s. digər qəliz işlər vacib hesab olunurdu.

İşə qəbul yalnız, bundan sonra gerçəkləşə bilərdi. Amma mən bu mərhələni rahatlıqla adlaya bildim, təbii ki, onun sayəsində. Bir illik sınaq mərhələsini keçmədən, hazırladığım iki reportajdan sonra işə qəbul olundum, yəni bir həftənin içində.

Əhmədli qəsəbəsində qəfil zühur edən “peyğəmbər” Gülzar Şərifovanın Xalq Cəbhəsinə qarşı olan “fətfasını” çəkiliş zamanı pozduğuma görə, məni nəinki işdən qovardılar, bəlkə də “param-parça” edərdilər. Onun varlığı bunun qarşısını aldı. Çəkilişin səhərisi günü telestudiyanın binasında əli silahlı məni axtaran “Tövbə” sədri Hacı Əbdülü “yola” gətirən də, elə o sayaq yola salan da o oldu.

Olduqca sadə və səmimi insan idi. Hazırladığım hər bir uğurlu çəkilişə uşaq kimi sevinərdi. O, həm də gözəl şeirlər müəllifi, (Qanlı 20 Yanvardan sonra) könlündən hər zaman dəli bir ağlamaq keçən incə ruhlu şair idi. (Məşhur “Dəli bir ağlamaq keçir könlümdən” şeirinin də maraqlı bir tarixçəsi vardır).

91-ci il, 18 noyabr. Rusiyanın vasitəçiliyilə Ermənistan-Azərbaycan XİN nümayəndə heyətinin Qazaxda keçirilən 2-ci görüçündən hazırladığı geniş repotajı efirə hazırlamalıydı. Noyabrın 20-də efirə veriləcəkdi. Və həmin günün səhəri dövlət və hökumət nümayəndə heyətinin tərkibində Qarabağa yollanacaqdı.

Amma həqiqət budur ki, o, bu dəfə cəbhə bölgəsinə getmək istəmirdi, məlum səbəblərə görə. Bir müddət əvvəl 1-ci vertalyot qəzasında möcüzə nəticəsində sağ qalmışdı. Qəzanın baş verdiyi andan az sonra ciddi xəsarət almasına baxmayaraq, hadisə yerindən reportaj hazırlamağa da müvəffəq olmuşdu.

Noyabrın 19-da iki dəfə Milli Məclisə gedib orada kiminləsə danışıq aparırdı ki, onu başqa birisilə əvəzləsinlər. Mümkün olmadı... Əslində, onu buna məcbur etdilər. O, sağ qayıtmayacağını hiss etmişdi, sanki.

Efirə gedəcək reportajın mətnini hazırlasa da, onu montaj etdirməyə vaxtı çatmadı. Məndən səhər işə bir qədər tez gəlməyi və montaja nəzarət etməyi xahiş etdi. “Narahat olmayın” dedim.

Evə bir yerdə qayıtmalı olduq – onun “06”-sı ilə. Yolboyu xeyli söhbət etdik. Nə qədər təkid etsəm də, mümkün olmadı, məni yaşadığım binanın qarşısına kimi gətirdi. “Sağlıq olsun, görüşərik...” deyib,
maşından düşmək istərkən, gödəkcəsinin cibindən çıxardığı qələmi mənə verib dedi: - Al bunu, məndən yadigar qalsın, bundan sonra bununla yazarsan, mənim yerimdə də özün oturarsan...

Düzü, onun bu sözlərini qəribsətmədim, yəni heç yerə yozmağı düşünmədim, ürəyimdə isə “yəqin şair qəlbi cövlan etmək istəyir yenə” düşüncəsilə ondan ayrıldım.

Səhər tezdən işə gəldim. Pilləkənləri qalxarkən gözlərimə inanmadım. O, aşağı enirdi. Sən demə, sübh tezdən redaksiyaya gəlib, montaj otağında işini tamamlayıbmış. “Fikirləşdim ki, birdən gecikərsən...”,- dedi. Üzünün rəngi solmuş, elə bil ruhu bədənindən ayrılmışdı. Onu heç zaman bu halda görməmişdim.

Düzü, canlı meyit təsiri bağışladı mənə - dəhşətli mənzərə idi...

Onu çıxış qapısına qədər yola saldım. Ayrılarkən son sözü bu oldu: “Çətin ki, qayıtmağımız mümkün olsun, bunlar bizi öldürməyə aparırlar, deyəsən, bu dəfə öldürəcəklər...”. Və dediyi kimi də oldu. 91-ci ilin çiskinli 20 noyabr günü qara günlərini yaşayan Qarakənd kəndində (Xocavənd) hərbi vertalyotumuz vurulduğu zaman o da Vətən səmasında şəhid oldu.

İtirdik Alı Mustafayevi - əsil dostu, istedadlı jurnalisti...

O məşum gündən 30 il ötür, amma elə bil dünən baş verib bütün bunlar.

PS. Günlərin bir xoş günündə məndən soruşdu ki, “harda çalışdığının heç fərqindəsənmi, ayə?” Duruxub qaldım. Dedi ki, “bura (yəni Az.Tv) ən müqəddəs və ən şərəfsiz yerdir. Qapıdan içəri keçdiyin andan nəzərə al ki, müqəddəsliyini - azadlığını itirirsən”.

Amma Alı o mühitdə bəlkə də müqəddəs idi, “əsarətə” boyun əymək istəmirdi. Və ölümüylə Azadlığa qovuşdu.

Müqəddəsləşdi.

Vasif Hüseynov
Xezernews.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top