GİN yanında İctimai Şuranın İdman Komitəsinin ilk iclası keçirildi — FOTOLAR

İDMAN 19 okt 2021, 22:34
Bu gün Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın İdman Komitəsinin ilk iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclası giriş sözü ilə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın idman üzrə sədr müavini Arif Məmmədov açıb. O, yeni yaradılan İdman Komitəsinin gələcək fəaliyyəti ilə əlaqədar bir sıra məqamlara toxunub. 

Çıxışın ardından futbolun bugünkü vəziyyəti və gələcəyi bağlı müzakirələr aparılıb. Komitənin ilk iclasına dəvət olunan futbol mütəxəssisi Yaşar Seyidov, idmanın bu növü ilə bağlı müəyyən təkliflər səsləndirib. Həmçinin, mövzu ilə əlaqədar ona ünvanlanan suallara aydınlıq gətirib.

Y.Seyidov, nazirliyə futbolun inkişafı ilə bağlı 5 illik proqramın (2022-2027-ci illər) təqdim olunmasını təklif edib. O, ehtiyac yaranacağı təqdirdə, proqramın hazırlanmasında futbol mütəxəssisi olaraq əlindən gələni edə biləcəyini sözlərinə əlavə edib. Habelə, rayonlarda futbol akademiyalarının yaradılmasını, maddi-texniki bazanın qurulmasını vacib sayıb. Mütəxəssis tərəfindən akademiyalar üçün müvafiq proqramın hazırlanması, perspektivli futbolçuların xaricə göndərilməsi, iş adamlarının futbola marağını artırmaq məqsədilə stimullaşdırıcı paketlərin verilməsi diqqətə çatdırılıb. Sadalanan təkliflərin İctimai Şura adından Gənclər və İdman nazirinə təqdim olunması xüsusi qeyd olunub. Nazirlə futbol ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilməsi təkliflər arasında yer alıb.   

İctimai Şuranın üzvü, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev  Olimpiya İdman Kompleksləri tikilərkən həmin idman qurğularında olan futbol meydançalarının standartlara uyğun olmasının vacibliyini bildirib.

İctimai Şuranın digər üzvləri Elnur Məmmədov və Aynur Məmmədova da mövzu ilə bağlı öz fikirlərini çatdırıblar.  

Dünya və Avropa çempionu Arif Məmmədov məktəblərdə tədris olunan bədən tərbiyəsi fənnində hər dərsə futbol da daxil digər idman növlərinin salınmalı olduğunu qeyd edib. A.Məmmədov, həmin dərslərin hər idman növü üzrə mütəxəssis tərəfindən keçilməsini düzgün istiqamət kimi qiymətləndirib. 

Sonda şura üzvləri İdman Komitəsinin bu tip görüşləri digər idman növləri üzrə də keçirəcəyini görüş iştirakçılarına bildiriblər. Həmin görüşlərdən sonra toplanmış təkliflər və tövsiyələr Gənclər və İdman nazirinə təqdim olunacaq.    







Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top