Vəsiqəsini itirən boşana bilməz? — Vəkil açıqladı

CƏMİYYƏT 21 sentyabr 2026, 15:00
Boşanmaq üçün müraciət etmək istəyən şəxsin şəxsiyyət vəsiqəsini itirməsi prosesin başlanmasına müəyyən təsir göstərə bilər. Belə halda yeni şəxsiyyət vəsiqəsi alınana qədər boşanma üçün müraciət etmək imkanının olub-olmaması və bunun üçün hansı sənədlərin tələb edildiyi məsələsi gündəmə gəlir.    

Şəxsiyyət vəsiqəsinin itirilməsi boşanma üçün məhkəməyə müraciət etməyə maneə yaradırmı?

Demokrat.az-a açıqlamasında vəkil Ceyhun İsmayıllı bildirib ki, şəxsiyyət vəsiqəsinin itirilməsi nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək üçün maneə yaratmır:



“Belə halda vətəndaş şəxsiyyətini və şəxsiyyət vəsiqəsindəki məlumatları təsdiq edən müvafiq sənədi əldə etməklə boşanma ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şəxsiyyət vəsiqəsini itirən şəxs Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin müvafiq strukturuna müraciət edərək şəxsiyyət vəsiqəsindəki məlumatları təsdiq edən arayış əldə edə bilər. Bəzən bu sənəd “MAPİS arayışı” kimi də ifadə olunur. Həmin sənəd şəxsin şəxsiyyət məlumatlarının təsdiqlənməsi baxımından istifadə oluna bilər”.

Vəkil qeyd edib ki, eyni zamanda, nikahın pozulması ilə bağlı iddianın verilməsi üçün şəxsiyyət vəsiqəsinin mütləq şəkildə əsli tələb olunmur:

“Şəxsiyyət vəsiqəsinin surəti və ya elektron görüntüsü mövcuddursa, həmin məlumatlardan da istifadə etməklə müraciət etmək mümkündür. Əsas məsələ şəxsin şəxsiyyətinin və müvafiq məlumatlarının müəyyən edilə bilməsidir. Yəni şəxsiyyət vəsiqəsinin itirilməsi vətəndaşın boşanma ilə bağlı iddia ərizəsi vermək hüququnu məhdudlaşdırmır. Şəxsiyyət vəsiqəsinin itirilməsi səbəbindən məhkəməyə müraciətin qarşısının alınması üçün ayrıca hüquqi maneə yaranmır. Lazımi şəxsiyyət məlumatları digər təsdiqedici sənədlərlə müəyyən edilə bildiyi halda prosesə başlamaq mümkündür”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top