Gələn ildən maaşlardan tutulmalar artacaq — Açıqlama

İQTİSADİYYAT 21 sentyabr 2026, 15:20
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək. 2500 manatdan 8000 manatadək olan gəlirlər üzrə isə 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi tutulacaq. Aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi gəlir vergisinə cəlb ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında qeyd edib ki, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisində sistemli şəkildə vergi dərəcələrinin tətbiqinə başlanılıb:



“Nəzərə alsaq ki, hazırda fiziki şəxslərin gəlirindən 3 faiz vergi tutulur, 2 500 manatdan çox olan hissə isə 3 faiz dərəcə ilə vergiyə cəlb edilir. Növbəti ildən bu rəqəm 5 faiz, 2028-ci ildə isə 7 faiz olacaq. Əslində, mərhələli vergi tutmada da məqsəd ondan ibarət idi ki, biznes buna praktiki olaraq hazırlaşsın və xüsusilə qeyri-rəsmi məşğulluğun yaranmasının qarşısı alınsın. Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunan zaman da məhz bu məsələni müzakirə etmiş və eyni zamanda dəstəkləmişdik. Çünki mərhələli keçid birmənalı şəkildə biznesin prosesə hazırlaşmasına imkan yaradır”.

Vüqar Bayramovun sözlərinə görə, bu kontekstdə, təbii ki, növbəti ildə 2 faiz bəndi həcmində gəlir vergisinin dərəcəsində artım olacaq:

“Sözsüz ki, buna uyğun olaraq, bütövlükdə biznesin dəstəklənməsi və digər xərclərin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Amma gələn ildən tətbiq ediləcək vergi dərəcələri artıq ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Bu, xüsusən də gəlir vergisində özəl və qeyri-neft sektorunda mərhələli vergi dərəcələrinin tətbiqi anlamına gəlir. 2028-ci ildə 7 faiz dərəcəsi tətbiq olunduqdan sonra isə bu proses başa çatacaq”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top