Ermənistanın dekabr ayında KTMT-də səsvermə hüququndan məhrum edilməsi fonunda Rusiyadan İrəvana qarşı getdikcə daha sərt bəyanatlar səslənir. Kremlə yaxın ekspertlərin açıqlamaları ilə yanaşı, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun da Ermənistanın çox şey itirə biləcəyi ilə bağlı fikirləri diqqət çəkir.
Rusiya tərəfinin mövqeyinə görə, Ermənistan Qarabağa görə Moskvaya müraciət etməyib. Lakin hazırda mübahisə daha çox Ermənistanın xarici siyasət kursu və Qərbə inteqrasiya istiqamətində atdığı addımlarla bağlıdır. Hətta rusiyalı jurnalistin Paşinyana ünvanladığı "İki stulda oturmaq necədir?" sualı da iki ölkə arasındakı münasibətlərin gərginliyini göstərən məqamlardan biridir. Paşinyan isə Ermənistanın iki stulda oturmadığını bildirib. Dekabr ayında Paşinyanın Rusiyaya üç səfərinin nəzərdə tutulduğu bildirilir. Həmin görüşlərdən sonra Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqaməti ilə bağlı müəyyən aydınlıq yarana bilər.
Ermənistan Rusiyadan uzaqlaşmağın nəticəsində həqiqətən nələri itirə bilər? Rusiyadan Ermənistana qarşı niyə belə sərt və aqressiv ritorika səslənir? Rusiyanın Ermənistan üzərində hansı siyasi, iqtisadi və hərbi təsir rıçaqları mövcuddur?
Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında deyib ki, 2026-cı il noyabrın 11-də Moskvada keçirilən KTMT sammitində Ermənistanın təşkilatda səsvermə hüququ bloklanıb, kvota üzrə vəzifələrə namizəd irəli sürmək imkanı da məhdudlaşdırılıb:

"Məsələ Ermənistanın iki ildir üzvlük haqqı ödəməməsi ilə əlaqələndirilib. Amma KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxarılması məsələsinin müzakirə edilmədiyini bildirib. Bu o deməkdir ki, KTMT-nin qapıları hələlik Ermənistanın üzünə açıqdır. Ermənistan 2024-cü ildən KTMT-də iştirakını dondurub, lakin bu, hüquqi baxımdan təşkilatdan rəsmən çıxması demək deyil. Matviyenkonun açıqlaması da məhz bu kontekstdə səslənib. O, Ermənistanın təşkilatdan çıxmaq hüququ olduğunu, lakin belə qərarın ölkəyə ciddi itkilər gətirəcəyini bildirib. Moskvanın arqumenti isə budur ki, KTMT Qarabağ məsələsində öz nizamnaməsinə uyğun hərəkət edib. Ermənistanın Rusiyadan uzaqlaşması təkcə siyasi qərar deyil, həm də iqtisadi və infrastruktur asılılıqlarının dəyişdirilməsi prosesidir. Rusiyanın Ermənistanın dəmir yollarında, qaz infrastrukturunda və iri mədən sənayesində mülkiyyət və idarəetmə baxımından mövqeləri var. Ermənistan ixracının əhəmiyyətli hissəsi Rusiya bazarına yönəlib. Həmçinin kifayət qədər Ermənistan vətəndaşının Rusiyada yaşaması və işləməsi faktı mövcuddur. Bu baxımdan Ermənistan Rusiyadan siyasi cəhətdən uzaqlaşa bilər, amma iqtisadi əlaqələri qısa müddətdə tamamilə əvəz etmək xeyli çətin görünür. Bu, Moskvanın təsir imkanlarının yalnız KTMT və hərbi əməkdaşlıqla məhdudlaşmadığını göstərir. Rusiya Ermənistanın iqtisadi sistemində də mühüm mövqelərə malikdir".
Ekspert bildirib ki, enerji təhlükəsizliyi Moskvanın ən ciddi təsir rıçaqlarından biridir:
"Ermənistanın qaz təchizatında Rusiya mühüm üstünlüyə malikdir. Ermənistanın qaz idxalının 85 faizi Rusiyanın payına düşür. Qazın nəqli və ölkədaxili paylanması ilə də Rusiyanın "Qazprom Armeniya" şirkəti məşğul olur. Rusiya qazının qiymətinin artırılması Ermənistan sənayesinə, kənd təsərrüfatına və əhalinin kommunal xərclərinə ciddi təsir edə bilər. Ermənistanın Metsamor Atom Elektrik Stansiyası da Rusiyadan asılılığın digər mühüm istiqamətidir. Stansiyanın fəaliyyəti üçün nüvə yanacağı, texniki xidmət və istismar müddətinin uzadılması sahələrində Rusiya mühüm rol oynayır. Bu da çox əhəmiyyətli məsələlərdən biridir, amma müzakirələrdə çox vaxt diqqətdən kənarda qalır. Ermənistanın buğda idxalının 100 faizi Rusiyanın payına düşür. Rusiya taxıl ixracına məhdudiyyətlər tətbiq etsə, Ermənistanın ərzaq bazarında ciddi problemlər yarana bilər. Bu baxımdan Paşinyan hökuməti alternativ təchizatçıları nəzərdən keçirir. Qazaxıstan, Ukrayna, ABŞ və Kanada kimi ölkələrlə bu istiqamətdə danışıqlar aparılır. Rusiya Ermənistan üçün əsas ticarət tərəfdaşlarından biridir və Moskvanın bu istiqamətdə də iqtisadi təzyiq yaratmaq imkanları böyükdür. Ermənistan məhsullarının Rusiya bazarına girişini məhdudlaşdırmaq, sanitar və fitosanitar nəzarəti gücləndirmək, Ermənistan şirkətlərinin fəaliyyətinə mane olmaq və iki ölkə arasında iqtisadi əməkdaşlığı çətinləşdirmək mümkündür. Bu baxımdan hesab edirəm ki, Ermənistan hökuməti son illərdə Rusiyadan hərbi-siyasi asılılığını azaltmaq istiqamətində müəyyən nəticələr əldə edə bilib. Silah tədarükünün şaxələndirilməsi və sərhəd təhlükəsizliyində Rusiyanın rolunun azalması bunun nümunələridir. Amma iqtisadi və enerji asılılığı hərbi asılılıq qədər sürətlə azalmayıb. Ən həssas istiqamətlər arasında qaz təchizatı, taxıl idxalı, dəmir yolları və Rusiya bazarına çıxış var. Bu sahələrdəki asılılıqlar Ermənistan üçün ciddi problemlər yarada bilər. Həmin amillər Rusiyanın təsir imkanlarını qoruyub saxlayır. Paşinyanın dekabr ayında nəzərdə tutulan Rusiya səfərlərinin əsas əhəmiyyəti Ermənistanın Rusiyadan ayrılıb-ayrılmayacağı deyil, İrəvanın siyasi müstəqilliyini qoruyaraq iqtisadi asılılıqlarını nə dərəcədə azalda biləcəyinin aydınlaşması olacaq".


