Ermənistan niyə gərginlik yaratmağa çalışır?

GÜNDƏM 15 iyl 2021, 16:14
Bir neçə gündür cəmiyyət Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələri, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi barədə xəbərlərə şahidlik edir. Məğlub, ordusu məhv edilmiş Ermənistanın belə üsullara nədən əl atması haqlı olaraq suallar doğurur. Sanki nə müharibə olub, nə də 44 günə Ermənistan məğlub edilib. 

Ötən ilin noyabarından əvvəli xatırladır atəşkəsin pozulması xəbərləri... Həqiqətənmi vəziyyət əvvəl olduğu kimidir? Əlbəttə xeyr! Azərbaycan 44 günlük müharibə ilə 30 illik işğala son verib və bu gün Qarabağ düşmən tapdağında deyil. Güclü, qalib Azərbaycan Ordusunun qarşısında tamamilə çökdürülmüş Ermənistanın məhv edilmiş ordusu dayanır. 

Göründüyü kimi, Ermənistan müharibə yolu ilə nəsə əldə etmək durumunda deyil. Düşmənin sərhəddə vəziyyəti qəsdən gərginləşdirməsinin səbəbləri tamamilə başqadır.

Birincisi, Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə çalışır. Onlar bu baş verdiyi halda bundan istifadə edib Azərbaycanı günahlandırmağa çalışmaq niyyəti güdürlər. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri gözlənilir və belə bir  səfər öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi deyil.

İkincisi, Ermənistanın təxribatları Rusiya sülhməramlılarına qarşı yönəlmiş addım kimi də qiymətləndirilə bilər. Paşinyan hakimiyyətinin Rusiyaya münasibəti də burada rol oynayır. Ermənistan bu təxribatlarla Rusiyanın missiyasının uğursuz olduğunu göstərməyə çalışır. Və buna qismən nail ola bilir desək, yanılmarıq. Hər belə təxribat cəmiyyətdə sülhməramlılara qarşı aqressiyanı alovlandırır. 

Üçüncüsü, bu hadisələr Ermənistan hakimiyyətinin daxili siyasi böhrandan diqqəti yayındırmağa xidmət edir. Və Paşinyan hakimiyyətinin əsl simasını ortaya qoyur.

Ermənistanın görməzdən gəldiyi tək məsələ müharibədən sonra baş verənlərdir. Görünür, Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrda Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unudub. 

Çəbhə bölgəsində atəşkəsin pozulmasının davamlı xarakter alması yeni anti-terror əməliyyatlarının başlana bilməsi versiyasını doğurur. 

Bu gün Azərbaycanın hərbi-psixoloji baxımdan imkanı var ki, çəbhə bölgəsində gedən qısamüddətli atışmaları anti-terror əməliyyatlarına çevirsin. Azərbaycan hələlik sülh prosesini pozmağa maraqlı deyil. Lakin istisna deyil ki, təxribatların davamlı olmasını cavabsız buraxmayacaq. 

Sözsüz ki, cəbhədə hansısa əməliyyatın başlanması birmənalı olaraq Azərbaycanın xeyrinə nətiçələr vəd edir. Bütün mühüm faktorlar da Azərbaycana belə bir prosesdə böyük köməklik edir.  Azərbaycan ordusu istər texniki, istər mənəvi-psixoloji baxımdan yeni əməliyyatlarda müvəffəqiyyətlər qazanmağa hazırdır.  

Məsələnin diqqət çəkən məqamı ermənilərin təxribatlarının görməzdən gəlinməsidir. Üstəlik, ermənilərə qahmar çıxanlar (ABŞ Dövlət Departamenti, Fransanın səfiri) bu gün münaqişənin həll olunmadığı kimi təhlükəli mövqe tuturlar və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini  işlədirlər. Bununla da regionu yeni təhlükələrə sürüklədiklərinin fərqində deyillər sanki. Bu, açıq şəkildə yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir.

Ancaq reallıq tam başqadır. 30 ilə yaxın dövrdə ATƏT MQ-nin əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil.

1. Ermənilər və havadarları anlamalıdır ki, bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir.

2. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib və  ATƏT MQ-nin də belə bir mandatı yoxdur.

Qarşıdakı dövrdə Ermənistanın və havadarlarını bir yolu qalır: konstruktiv mövqe nümayiş etdirərək, artıq formalaşmış yeni geosiyasi reallıqla barışmaq.  Bu olmasa, Ermənistan daha da acınacaqlı duruma düşəcək.  Ermənisatanı problemlər məngənəzindən xilas etməyin yeganə yolu Azərbaycanın yaratdığı yeni reallığa uyğun münasibətlər sistemi qurmaq, cəfəng iddialardan birdəfəlik əl çəkməkdir.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top