"Gələcəyini deyir, cibini boşaldır" — Sosial şəbəkə falçıları ilə bağlı DİN-dən XƏBƏRDARLIQ

SOSİAL 09 iyul 2025, 11:25
Son illər Azərbaycanda sosial şəbəkələrdə özünü "mistik güclərə" sahib kimi təqdim edən şəxslərin sayı sürətlə artır. İnstaqram, TikTok və Feysbuk kimi platformalarda canlı yayımlarla, sponsorlu postlarla müştəri toplayan bu şəxslər bəzən sıravi "əyləncə mənbəyi", bəzən isə ciddi dərəcədə fırıldaqçılıq alətinə çevrilirlər.

Bəs görəsən, bu fəaliyyət nə qədər qanunidir? Onlara qarşı tədbirlər görülürmü?

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə "falçılıq", "baxıcılıq" və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

"Bu kimi hallarda özünü "falçı" və "baxıcı" kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması müşahidə olunur", - deyə nazirlik nümayəndəsi vurğulayıb.

O, həmçinin qeyd etdi ki, vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır.

"Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı, bu tipli paylaşımlar edən səhifələrə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik", - deyə E. İbrahimov son olaraq əhaliyə müraciət etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top