Dövlət bağçalarında müşahidə sistemləri qurulmalıdır — ÇAĞIRIŞ

SOSİAL 09 iyul 2025, 13:46
Son zamanlar bəzi bağçalarda uşaqlara qarşı istər psixoloji, istərsə də fiziki şiddət müşahidə kamerası məsələsini gündəmə gətirib. Əksər özəl bağçalarda belə kameraların olması valideynin gün ərzində övladını nəzarətdə saxlamasına şərait yaratsa da, dövlət bağçalarında bu yoxdur. Dövlət bağçalarında müşahidə kameralarının olmaması isə valideynləri ciddi şəkildə narahat edir. 

Təhsil eksperti Əli Əhmədov bununla bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bağçalarda müşahidə kameralarının olması zəruridir:

“Xüsusilə son dövrlərdə bəzi bağçalarda uşaqlara qarşı psixoloji və fiziki zorakılıq hallarının ortaya çıxması valideynlərdə ciddi narahatlıq yaradıb. Kameralar, ilk növbədə, təhlükəsizlik və nəzarət baxımından vacib vasitədir. Bu sistem, təkcə valideynlərin uşaqlarına qarşı baş verənləri izləmək imkanını yaratmır, eyni zamanda bağça əməkdaşları üçün də əlavə məsuliyyət hissi formalaşdırır. 

Təəssüf ki, hazırda bu imkanlar əsasən özəl bağçalarda mövcuddur, dövlət bağçalarında isə müşahidə sistemlərinin olmaması valideynlərin narahatlığını artırır. 

Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində diqqətə alınmalı, mərhələli şəkildə dövlət bağçalarında müşahidə sistemləri qurulmalıdır. Bu, yalnız valideyn etimadını artırmayacaq, həm də dövlət bağçalarına marağı ciddi şəkildə yüksəldəcək. Bu cür sistemlər tətbiq olunarkən uşaqların məxfiliyinə və etik çərçivələrə də ciddi şəkildə riayət olunmalıdır. Məqsəd nəzarəti gücləndirməkdir, uşağın təbii inkişafına müdaxilə etmək deyil”.


 Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top