
2025-ci ilin ikinci rübü ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 2183 müraciət daxil olub.
Demokrat.az-ın xəbərinə görə, bu barədə EMTA-nın fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin ikinci rübü üzrə nəticələrində məlumat verilib.
Bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 324-ü məlumat üçün olmaqla 1923 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 26-sı məlumat xarakterli olmaqla 213 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 18 müraciət edilib. Digər məsələlərlə bağlı isə ikisi məlumat üçün olmaqla 29 müraciət göndərilib.
Müraciətlərdən 1417-si agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (16 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), üç müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 411 müraciət hazırda baxılma prosesindədir, 352 məlumat xarakterli müraciətdən 153-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.